“Əsrə bərabər 20 il: Müdrik lider, qalib sərkərdə” mövzusunda tədbir keçirilib

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda “Əsrə bərabər 20 il: Müdrik lider, qalib sərkərdə” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev tədbiri giriş sözü ilə açaraq Ümummilli Liderimiz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək son iyirmi ildə qazanılan misilsiz nailiyyətlərə imza atan, müdrik siyasəti, qətiyyəti və qüdrətli liderliyi nəticəsində ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Cəbi Quliyev qeyd edib ki, 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Vurğulanıb ki, əsrə bərabər 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız son 20 ildə Azərbaycanın heç vaxt unudulmayan qəhrəmanlıq və inkişaf tarixini yazdı. Hər biri əsrə bərabər olan bu illərin mayası xalqa, vətənə, torpağa məhəbbət, bəşər övladına, insanlığa, milli-mənəvi dəyərlərə hörmət, bəşəri ideyalara sədaqətlə yoğrulduğu üçün həm qələbələrimizin memarının - cənab İlham Əliyevin, həm də ona dəstək verənlərin, rəğbət bəsləyənlərin, etimad göstərənlərin - xalqımızın başını ucaltdı, adını şöhrətləndirdi, uğurlarını möhkəmləndirdi.    

Qeyd olunub ki, 20 il dövlətə və xalqa sədaqətlə xidmət etmək, insanların böyük hörmətini qazanmaq, dünyanın sülhsevər vətəndaşlarının sevimlisinə çevrilmək rəhbər üçün böyük şərəf və dəyərli qiymətdir. Azərbaycan Prezidenti bu şöhrəti və dəyəri öz fəaliyyəti, xalqına və insanlara xidməti ilə qazanmışdır. 20 illik bir yolun başlanğıcı çox çətin olsa da, dayanacağı uğurlu, keçiləcək məsafələri işıqlı və inamlıdır. Cənab İlham Əliyevin keçdiyi bu yol böyük qürur doğurur. O, bu yolda həmişə xalqı ilə, dünyanın dəyərli insanları ilə bir olub, Vətəninin mənafeyini qoruyub, xalqına sədaqətlə xidmət etməkdən, torpaqlarını qorumaqdan, Azərbaycanı ucaltmaqdan və şöhrətləndirməkdən şərəf duyub, yeni uğurlara, zəfərlərə yollar açıb. Cənab İlham Əliyevin əməllərinin, amallarının şahidi zaman və insan, adını, şöhrətini əbədiləşdirən, unudulmaz edənsə tarixdir. Tarix Prezidentimizin adını öz səhifəsinə silinməz hərflərlə yazıb və zaman bundan sonra da onun yeni uğurlarının şahidi olacaqdır.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Aparatının şöbə müdiri Rail Tağızadə “20 ilin zəfər salnaməsi”, fəal gənc Zeynəb İlyasovaya “Prezidentimiz Azərbaycan gəncliyinin ilham mənbəyidir” mövzusunda çıxışlar ediblər.

Sonda Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş “İlham” sənədli filmi nümayiş etdirilib.