Bakı şəhərində “Fərdi məlumatların mühafizəsi üzrə maarifləndirmə” adlı son təlim 30 avqust 2025-ci il tarixində keçirilib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ulduz” İnformasiya-Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi tərəfindən təşkil olunub.
Təlimdə çıxış edən layihə rəhbəri Samir Həsənov layihəyə göstərilən dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib və informasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb:
“İnternet dövründə informasiya təhlükəsizliyinə riayət olunması xüsusilə vacibdir. Təhlükəsizlik qaydalarına əməl etməklə yanaşı, maarifləndirici tədbirlər də risklərin qarşısının alınmasında və onların sayının azalmasında mühüm rol oynayır,” – deyə Samir Həsənov qeyd edib.
Daha sonra təqdimat üçün söz layihənin eksperti Yusif Süleymanlıya verilib. O, çıxışında kiberdələduzluq halları və onlarla mübarizə üsullarından danışıb. Təlim iştirakçılarına fərdi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsizlik, güclü şifrələrin istifadəsi, iki faktorlu identifikasiya, eləcə də dipfeyk (deep fake) kimi yeni təhlükələr barədə ətraflı məlumat təqdim olunub. Həmçinin, ictimai yerlərdə istifadə olunan pulsuz Wi-Fi şəbəkələrinin təhlükəsiz olmadığı qeyd olunub.
Yusif Süleymanlı kiberinsident baş verdiyi halda dərhal Elektron Təhlükəsizlik Xidmətinə (1654 qısa nömrəsi) və ya Daxili İşlər Nazirliyinə (102 qısa nömrəsi) müraciət etməyin vacibliyini də iştirakçıların diqqətinə çatdırıb.
Təlimdə iştirak edənlər öz təcrübələrini bölüşərək qarşılaşdıqları kiberdələduzluq və bank kartlarından oğurluq halları barədə danışıblar. Onları xüsusilə süni intellektin köməyi ilə həyata keçirilən kiberdələduzluq halları maraqlandırıb. Ekspert isə bu istiqamətdə mövcud müdafiə üsullarını izah edərək iştirakçıların suallarını cavablandırıb.