Fəzail Ağamalının oğlu partiyadan çıxarıldı

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı partiyadan çıxarılıb. Bununla bağlı  “Ana Vətən” Partiyasının İdarə Heyətinin iclasında qərar qəbul olunub.

“İclasda Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının 25 oktyabr 2025-ci il tarixli növbədənkənar IX Qurultayda baş verən qanun və Partiyanın Nizamnaməsi tələblərinin pozuntuları ilə bağlı İdarə Heyətinə ünvanladığı müraciət və bundan irəli gələn məsələlər müzakirə olundu.

Müzakirələrdə ilk olaraq, “Ana Vətən” Partiyasının növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud pozmaqla Partiya üzvünün müvafiq vəzifələrini (Partiya orqanlarının qanuni qərarlarını yerinə yetirmək; Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək) müəyyən edən “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.3-cü, 22.2.6-cı maddələrinin və Partiya Nizamnaməsinin 5.5.3-cü, 5.5.6-cı bəndlərinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilməsi məsələsinə baxıldı.

 

Partiya Nizamnaməsinin Partiyadan xaric olunmaq üçün əsaslardan biri olan 5.8.1-ci bəndi (Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək) rəhbər tutularaq İdarə Heyətinin qərarı ilə Elçin Ağamalı “Ana Vətən” Partiyasından xaric edildi”, - Partiyanın məlumatında qeyd olunub.