"Cəbhədə baş verənlər Paşinyanın təxribatıdır"

"Niyə Tovuz, niyə iki dövlətin sərhəddı. Məntiqlə döyüşlər Dağlıq Qarabağ ərazisində, işğal olunmuş ərazilərdə baş verməliydi. Azərbaycan, ölkə olaraq ancaq beynəlxalq sənədlərdə təsdiq olunmuş ərazilərin azad olunmasını tələb edir, Ermənistana qarşı iddia etmir. Deməli burada ciddi təxribat var və Ermənistan silahlı qüvvələri, daxili problemlərdən cəmiyyətin diqqətini yayındırmaq, Paşinyan iqtidarının xalqa verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün, siyasi opponentlərini təcrid və təqib etdiyinə görə qarşıdurmalar yaranmışdır". Bunu cəbhədə baş verən son olayları SABAHİNFO.AZ-a şərh edən millət vəkili Nəsib Məhəməliyev deyib. Onun sözlərinə görə, baş verənlər Paşinyanın təxribatıdır: "Eyni zamanda məlumdur ki, Ermənistan, Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvüdür. Bu təşkilatın əsasnaməsinə görə, onlar Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı əməliyyat apara bilməzlər və onların əksəriyyətinin ölkəmizlə dostluq münasibətləri mövcuddur. Bunu da nəzərə almaq lazımdır ki, Paşinyan və onun komandası qərbyönümlü siyasət aparmaqla, ənənəvi müttəfiqi Rusiya ilə kəskin fikir ayrılığına səbəb olmuşdur. Mənə elə gəlir ki, Ermənistan məhz iki dövlət arasında təxribat törətməklə, Moskvanı məqsədli şəkildə Azərbaycan əleyhinə qaldırmağa cəhd etməklə, KTMT-nın bir növ nəbzini yoxlayır və gələcəkdə müəyyən dividentlər əldə etmək istəyir. Azərbaycan ordusu təxribatın qarşısını layiqincə aldı və xalqımız da öz ordusunun yanında, Ali Baş komandanın əmrlərinə müntəzir olduğunu bir daha göstərdi. Allah şəhidlərimizə rəhmət eləsin".