Ağdaş Rayon İcra Hakimiyyəti yanında yaradılmış operativ qərargahın iclası keçirilib




02 iyul 2020-ci il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar yaradılmış operativ qərargahın növbəti iclasında sosial məsafə saxlanılmaqla aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdi.

Tədbirdə respublikada koronavirus (COVİD-19) pandemiyasının yayım sürətinin artması ilə bağlı rayonda görülən işlər və qarşıda duran vəzifələr müzakirə olundu.

Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda yoluxmanın artmasının müşahidə olunması ilə əlaqədar sakinlər tərəfindən sanitar-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin daha da gücləndirilməsinə zəruriyyət yaranmışdır.

Rayon İcra hakimiyyətinin başçısı koronavirus pandemiyası dövründə rayon ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə qapalı yerlərdə tibbi maskalardan və qoruyucu vasitələrdən istifadənin zəruriliyini qeyd etməklə, mütəmadi olaraq dezinfeksiya tədbirlərinin təşkilinin təmin edilməsinin vacibliyini vurğuladı.

Qeyd olundu ki, vətəndaşlar arasında sosial məsafənin saxlanılması, dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsi, ictimai nəqliyyatda tibbi maskadan istifadə edilməsinin, həmçinin market və iaşə obyektlərinin girişinə virusdan qorunma yollarını özündə əks etdirən məlumat lövhələrinin asılması olduqca zəruridir.

Tədbirdə rayon İcra Hakimiyyəti yanında koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində yaradılmış mobil qrupların tərkibinə polis şöbəsi və digər strukturların əməkdaşları, o cümlədən könüllüləri cəlb etməklə, əhali arasında ictimai maarifləndirmə işlərinin daha gücləndirilməsi və zərurət yarandığı halda inzibati tədbirlərin həyata keçirilməsi qərargah üzvlərinin diqqətinə çatdırıldı.