Bakıda polisi öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Anar Mehtiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Mehtiyevin ittiham olunduğu 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə, 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün zor tətbiq etmə) maddələri 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib və o, 3 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, bu il mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Mehtiyev Anar Yusif oğlu aralarında baş vermiş mübahisə zəminində Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis idarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

A.Mehtiyev şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi rayon Polis idarəsinin müvəqqəti saxlama yerinə aparılarkən idarənin Post-patrul xidməti bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi Rayon Prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınmaqla Nəsimi RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib və həmin cinayət işi Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilib.