Deputat seçicilərini əmin etdi




Baş nazirin müavini, Su ehtiyatlarından səmərəli istifadənin təmini üzrə dövlət komissiyasının rəhbəri Şahin Mustafayevə müraciət edərək, Biləsuvar rayonunun son günlər düşdüyü çətin vəziyyət barədə bir daha məlumat vermiş, əksər kəndlərimizin ya susuz, ya da tamami ilə yararsız suyun ümidinə qaldığını bildirmişəm. Əlbətdə buna çox ciddi yanaşmaq lazımdır, vəziyyət bu cür davam edərsə həmin kəndlərdə ağır xəstəliklərin yayılmasının şahidi ola bilərik.
Mən başa düşürəm su qıtlığıdır, Kür və Araz tarixin ən quraqlıq dövrünü yaşayır. Bütün bunlar vətəndaşın su təminatına təsir etməsi də başa düşüləndir, lakin vətəndaşın da bu cür duruma düşməsi yolverilməzdir. Ona görə də Bolqarçay su anbarının heç olmazsa gələn ilədək təcili təmizlənərək bərpası, iki kənddə suyundan istifadə mümkün olan köhnə subartezian quyuların bərpası, gələn mövsümdən rayon ərazisində əkinə yararsız sahələrin, habelə suvarılması mümkün olmayan sahələrin otlaqlara çevrilməsi və s. təcili tədbirlər görülməlidir.

Bu arada, seçicilərə mənə göstərdiyiniz dəstək və anlayış üçün təşəkkür etmək istəyirəm. Həmçinin deputatın səlahiyyətlərini hələ də başa düşməyən bəzi vətəndaşlara da anlayışla yanaşır və çatdırmaq istəyirəm ki, deputat icra orqanı deyil, deputat problemi özü həll etmir, problemi aidiyyatı orqanların diqqətinə çatdırır. Cənab Prezidentin Milli Məclisdə çıxışında biz verdiyi tövsiyyələrə əsaslanaraq, bu günə kimi Biləsuvarın elə problemi olmayıb ki, aidiyyatı formada və ən ali səviyyədə qaldırmayaq. Sizi əmin edirəm ki, bu əzmlə də davam edəcəyik.


Bəhruz Məhərrəmov
 Milli Məclisin deputatı