Əminə Ağazadə: "Ermənistan bütün dünyaya özünün əsil simasını göstərir"

Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə oktyabrın 11-də gecə saat 2 radələrində xalqımıza qarşı növbəti qanlı cinayət törədilib, Azərbaycanın cəbhə zonasından xeyli məsafədə yerləşən ikinci böyük şəhəri, 500 mindən çox əhalisi olan qədim Gəncə şəhəri düşmən tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə ilkin məlumata görə 4-ü qadın olmaqla 9 mülki şəxs həlak olub, 30-dan çox şəxs yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Həmçinin 10-dan artıq çoxmənzilli yaşayış binasına, 100-dən çox müxtəlif təyinatlı obyektə, o cümlədən məktəb binalarına ziyan dəyib.

Atəşkəs haqqında danışıqlardan sonra mülki əhalinin, heç bir hərbi əhəmiyyət daşımayan obyektlərin vurulması Ermənistan rəhbərliyinin imzalanan və ya imzalanması nəzərdə tutulan bütün razılaşmalara göstərəcəyi münasibətui bir daha ortaya qoydu. Erməni tərəfi bu cinayət əməli ilə bir daha özünün faşist simasını, fitnəkarlığını, yalnız özünə xas olan riyakarlığını bütün dünyaya, onu "sivil dünyanın bir parçası” kimi təqdim etmək istəyənlərə bir daha göstərdi.

Azərbaycanın məsələnin həllinin hərb yolunu seçdiyini tənqid edənlər bu günlər ərzində bütün imkanlardan istifadə edərək tərəfləri danışıqlar masasına əyləşdirməyə çalışdılar. Beynəlxalq hüququ, müharibə qanunlarını öz fəaliyyətində daim rəhbər tutan Azərbaycan dövləti danışıqlar masasına əyləşməzdən əvvəl də özünün humanist qayəsini əvvəlcədən bəyan etmişdi. Danışıqlar bitən kimi mülki əhalinin hədəf alınması bir daha sübut etdi ki, düşmən gücdən başqa digər heç bir arqumenti qəbul etmir. Onun üçün nə beynəlxalq hüquq, nə dünyanın qəbul etdiyi qaydalar, nə də digər bir dəyər yoxdur.

Hesab edirəm ki, Gəncədə uşaqları hədəf almaqla erməni vəhşiliyini və siyası riyakarlığını dünyaya bir daha nümayiş etdirən düşmən etdiyi bu cinayətlə görə dünya ictimaiyyəti tərəfindən yalnız nifrət və qınağa nail olacaqdır. Çünki heç bir hərb meydanında beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar aparıldığı bir zamanda törədilən bu növ cinayətləri dünya ictimaiyyəti heç vaxt qəbul etmir.

Ermənistan beynəlxalq hüquq normalarını, hərbi qanunları, qəbul edilmiş diplomatik prinsipləri, humanitar dəyərləri bir kənara qoymaqla əslində özünü bütün dəyərlərdən, qanunlardan kənarda qoyur. Daha doğrusu, bütün dünyaya özünün əsil simasını göstərir.

Əminə Ağazadə
Millət vəkili