Günahsız körpələri vəhşicəsinə öldürən erməni qatilləri!

Qarabağ müharibəsi Dünya müharibələri tarixində ən dəhşətli müharibədir. Çünki bu müharibədə erməni terrorçuları silahlarını, raketlərini, bombalarını həm də uşaqlara yönəldib, günahsız körpələri öldürür.

Əsir tutduqları uşaqlara işgəncələr verirlər. Onlar əsirlərin başına elə oyun açırlar, heç bir yazıçının bu haqda yazmağa əli gəlməz.

Amma, gizlətmək də olmaz. Çünki, tarix təkrar olur. Bu cür dəhşətlərin təkrar olmaması üçün murdar düşmən əməllərini paylaşmalıyıq. Qəddar erməniləri dünyaya yaxşı tanıtmalıyıq!

Terrorçuların əməllərini hər yanda pisləməliyik. Qoy dünya ictimaiyyəti yalançı, riyakar erməni qatillərini yaxşı tanısın!

Düşmənin amansız və allahsız olduğu haqda UŞAQLARI XƏBƏRDAR etsin. Ürək ağrısı ilə yazdığım "Bir gecədə dəyişən arzu” hekayəsi erməni vəhşiliyini sübut edən hekayədir. 

 

                Bir gecədə dəyişən arzu

                                 və ya

              Uşaqlığın son gecəsi

 

Nənəmi eyvanda görən kimi Orxan dedi:

- Bala, ehtiyatlı olun, yavaş sürün!

Nənəm də Orxan dediyi sözləri təkrar deyəndə, üçümüz də güldük. Orxana irad tutdum:

- Deməmişəm, nənəmə sataşma, mən onu çox istəyirəm.

- Ay Səbinə, neylədim ki mən?

- Onu yamsılayırsan!

- Nailə, sən şahidsən, nənə mənim dediyimi təkrar elədi, mən onun?

Hamı güldü. Yavaşca Orxanın qolundan tutdum, güya hirsləndim:

Sən hər dəfə niyə nənəmə sataşırsan?

Orxan zarafatca "Vay, qolum sındı!”, deyib velosipedini sürüb uzaqlaşdı.

Nailə ilə güldük. Orxan hərdən bizi o qədər güldürürdü...

- Orxan sənin nənəni çox istəyir, məhəlləmizin ən şirin nənəsidir. – Nailə belə deyib velosipedini sürüb Orxanın ardınca getdi. Mən onlara çata bilmədim, çünki, həmişəki kimi velosipeddə problem var idi. Oturacaq boş idi, bərkitdim.  

Biz, üç dost, dördüncü sinifdən bir yerdə oxuyurduq, Rəfiqəm Nailə və dostumuz Orxan. Biz həm də yaxın qonşu idik. Mən ikinci mərtəbədə, Nailə beşinci mərtəbədə olurdu. Orxangilin də evi binamıza yaxın, həyət evində idi. Gəzməyə bir gedər, ad günlərini bir keçirərdik. İndi doqquzuncu sinfə keçmişdik. Oktyabr ayı olmasına baxmayaraq, Koronavirusa görə hələ də dərs yox idi. 

Məhəlləmizin camaatı çox mehriban idi. Bayramlarda birgə şənlənərdik. Novruzda tonqalın başına yığışar, bayram keçirərdik. Orxan balaca olanda həmişə kosa olar, hoqqabazlıq edib hamını güldürərdi. İndi böyümüşdü deyə, utanırdı, kosa olsun. Amma yenə də məzəli idi. Uşaqların şən səsi məhəlləni bürüyərdi. Yeni ilimiz bir başqa cür maraqlı keçərdi. Qar yağanda  gecəyarıya qədər həyətimiz uşaqla dolu olardı. Qüdrət baba bizə külləmə kartof bişirib verər, dadından doymazdıq. 

Hərdən fikirləşirdim ki, mən ali məktəbə - Bakıya oxumağa getsəm, ya da ailə qurub uzağa getməli olsam, Gəncəsiz, bu məhəlləsiz necə qalaram? 

Orxan artıq velosipedlə uzaqlaşmışdı. Nailə də... Tələsirdim onlara çatım. Velosipedə minmək istəyirdim ki, eyvandan Sona xalanın səsi gəldi:

- İndidən səni təbrik edirəm, sabahdan 15 yaşın olur, bu gecə sənin üçün uşaqlığın son gecəsi  olacaq. Sən də böyüdün, maşallah!

- Sona xala, uşaqlıq illərimdən heç ayrılmaq istəmirəm!

O, anamın rəfiqəsi idi. Xətrini istəyirdim... Amma nədənsə, Sona xalanın sözləri məni sıxdı. "Doğrudanmı uşaqlıq illərimin bu gün axırıncı gecəsidir?

Orxanla Nailənin səsi məni fikirdən ayırdı:

-Bayaqdan səni gözləyirik, niyə gəlmirsən?

Dostlarımla ad günümə hazırlaşırdıq. Mağazadan bəzi bəzək şeyləri almaq lazım idi. Bu gün evi bəzəməli idik ki, sabaha işimiz az olsun. Piano müəlliməm Nəcibə müəllimə də, xorun uşaqları da, sinif yoldaşlarım da ad günümə gələcəkdilər. Sevinirdim. Sabahın tez açılmasını səbirsizliklə gözləyirdim. Qonaqlara pianoda gözəl bir əsər də çalacaqdım.   

İlin əvvəli Orxanın 15 yaşı olmuşdu, üç ay əvvəl də Nailənin.  Ad günlərimiz çox maraqlı keçirdi. Ad günümün tez gəlməsini arzulayırdım. Bir ay əvvəldən kibrit çöplərini sayıb qutuya yığmışdım, hər gün qutudan bir çöp çıxardıb, ad günümə neçə gün qaldığını hesablayırdım.

Nəhayət, ad günüm yaxınlaşdı. Sabah – oktyabrın 12-si on beş yaşım olacaqdı.

Axşam Orxan, Nailə bizə gəldilər. Otağımı qəşəng bəzədik. Sonra onlar getdi, amma bir azdan  qayıtdılar. Özləri ilə böyük, ağ rəngdə velosiped gətirmişdilər. Əsl mən istəyən model idi.

- Ürəyimiz dözmədi, dedik hədiyyəni tez verək sənə. Bir gün də artıq sevinəsən, dedik!  – Nailə belə deyib məni qucaqladı.

- On beş yaşın mübarək! Tanınmış pianoçu olanda sən də bizə maşın alarsan!– deyib Orxan yenə hamını güldürdü.

Sevinc və həyəcandan az qalırdım ağlayam. Nə vaxtdan mən belə velosiped istəyirdim, amma ala bilmirdik. Velosipedim köhnəlmişdi deyə,  tez-tez xarab olurdu.  Atam söz vermişdi, təzəsini alacaqdı. Ad günümə mobil telefon almışdı. Gizlincə xəbər tutmuşdum gizlədib, sabah ad günümdə mənə sürpriz edəcək. Dostlarım mənə istədiyim velosipedi almışdılar. Anam ən çox sevdiyim tortu bişirmişdi. Çox xoşbəxt idim...

Gecə yatmırdım. Bilirdim ki, saat 12 olan kimi atam da, anam da ad günümü təbrik etmək üçün otağıma gələcəklər. Əvvəl anam gəldi, məni öpüb təbrik elədi:

- Xoşbəxt ol, Səbişim, ağıllım, bir dənəm! Arzularına çat, böyük pianoçu ol, konsertlərin olsun. Biz də Səbinə Şəmslinin valideynləriyik, deyib fəxr edək.

Bu vaxt atam da qollarını açıb hay-küylə otağa girdi:

- Mənim nazlı qızım, duzlu qızım! Ad gününü təbrik edirəm! Xoşbəxt olasan! Həmişə səninlə fəxr edək, necə ki, indi edirik!

Otaqdan çıxanda hər ikisinə möhkəm tapşırdım:

-Sabah yaddan çıxmasın, üçümüz şəkil çəkdirək. Albom düzəldirdim, üçümüz bir yerdə olan şəkil tapmadım. Biri var, o da mən körpə olandadı.

Sevindiyimdən yuxum qaçmışdı, axır ki, yuxuya getdim. Kaş ki,  getməzdim. Atamın, anamın əllərindən möhkəm tutardım, onlardan heç vaxt ayrılmazdım.

Həmişə yatanda çox vaxt yuxuda səhnə görür, piano çalırdım. Məni alqışlayırdılar. Ya da uçurdum, göydə quş kimi qanad çalırdım.

Amma bu gecə - uşaqlığımın son gecəsi, gözlərimi yuman kimi yuxuda qara duman, qara tüstü, tüstü arasında alov gördüm. Birdən bütün bunlar bir anda yox oldu, böyük, beton divar üstümə gəldi.  Vahimə içərisində qışqırdım. Səsimə elə vahiməli, gurultu bir səs qarışdı ki, qulaqlarım bu dəhşətli səsdən ağrıdı. Gözümü açanda hər tərəfi dağınıq gördüm. Velosipedimin təkəri əyilmişdi. Üstünə bağlanmış hədiyyə lenti cırılmışdı.

-Kim velosipedimi əzib? – qışqırıb desəm də, öz səsimi özüm güclə eşitdim.

Pianomun yeri boş idi. Sevimli pianomun bir tərəfi yerin altına girmiş, üstünə torpaq tökülmüşdü. Qapağı açılmış, ağ dillərin üstünü qara torpaq örtmüşdü. Yorğanımın üstündə o qədər daş, torpaq var idi, onların altından çıxa bilmirdim. Dəhşət içərisində "ana”, deyə qışqırdım. Bu dəfə səsim çıxdı.

Çağıranda anam mənə "Ay can”, deyərdi. Səs gəlmədi. Atamı çağırdım. Atam isə mənə "Ay can mənim nazlı qızım”, deyərdi. İndi ondan da səs çıxmadı. Nənəmi səslədim. Gözlədim mənə "Başına dönüm, nə deyirsən”, desin, o da susdu.

İstəyirdim gördüklərim dəhşətli yuxu olsun, yuxudan oyanım, olmadı. Oyana bilmədim bu dəhşətli yuxudan.

Yaxından gələn qışqırtı, fəryad səsləri kəsilmirdi. Bir azdan hərbi geyimli adamlar mənə yaxınlaşdı. Daşları çox çətinliklə qaldırıb, məni uçuqların arasından çıxartdılar. Nə sual verirdilərsə, cavab verə bilmirdim. Uçunurdum. Yarıhuşsuz halda fikirləşirdim: "Görəsən əsgərlər atamı, anamı, nənəmi xilas edə biliblər? Mənim sabah ad günüm olacaq? Velosipedimin təkəri düzələr? Pianonun dilləri arasındakı qumlar təmizlənəcək? Üçümüz şəkil çəkdirə biləcəyik?”. 

Ondan sonra daha heç nə xatırlamadım. Bir də qolum acıyanda bildim mənə iynə vurdular. Bir xeyli yatdım, axşam oyananda azca özümə gəldim. Əvvəl elə bilirdim zəlzələ olub. Amma danışıqlardan başa düşdüm ki, ermənilər Gəncəyə dəhşətli bir raket atıblar, üç bina birdən dağılıb. Məhəlləmiz yox olub. Mənim sevimli məhəlləm. Doğmalarım, qonşularım həlak olub. Çoxlu şikəst olan, yaralanan var. Ermənilərin vəhşi və qəddar olduğunu bilirdim, amma heç vaxt inanmazdım ki, müasir zamanda kimsə dinc əhaliyə raket atar. Ayaqlarım əzilsə də, çox pis yaralanmamışdım.

Palatada Artur adlı oğlan da yatırdı. Elə mənimlə yaşıd olardı. Bir az dostum Orxana oxşayırdı. Bilmirdim Orxan, Nailə sağdırlar, yoxsa, yox. Bu haqda fikirləşəndə az qalırdım boğulum.

Yazıq Artur huşsuz halda idi, heç gözlərini açmırdı. Ona sünii nəfəs vermək üçün aparata qoşmuşdular. Deyilənə görə, Moskvadan bibisigilə qonaq gəlibmiş.

Tibb bacıları, həkimlər məni görəndə ya üzlərini çeviridilər, ya da gözləri dolurdu. Başa düşürdüm ki, yetim qaldığıma görə kövrəlirlər. Heç kim də ürək edib mənə bu haqda bir söz demirdi. Ağlamaq necə gözəlmiş... Ağlaya da  bilmirdim.

-Bu qəşəng qız kimdir? – səsi eşidəndə gözlərimi açdım. Qadını tanısam da gözlərimə inanmadım. Prezidentin xanımı Mehriban Əliyeva idi. Yəqin ki yaralılara baş çəkməyə gəlmişdi.

- Səbinədir, adı. Hər iki ayağı əzilib, sarğı qoymuşuq. Faciəli ailələrdən biri də bu uşağın ailəsidir. – Həkim səsi titrəyə-titrəyə dedi. 

Mehriban xanım əyilib alnımdan öpdü. Kövrəlsəm də, yenə ağlaya bilmədim. Soruşdu:

-Necəsən qızım? - İstədim cavab verəm, səsim çıxmadı. O, bir əli ilə əlimdən tutdu, o biri əli ilə başımı sığallaya-sığallaya dedi:

-Darıxma, həkimlər nə lazımdır, edəcək.. Ailənin başına gələn faciəyə görə təəssüf edirəm. Sən bu gündən mənim qızımsan, Səbinə! Neyləyək, bu da bizim taleyimizdir ki, qonşuluğumuzda belə pislər yaşayır. Ermənilər Gəncəyə raket atmaqla bütün dünyaya sübut etdilər ki, faşistdən də qəddardırlar. Körpələr, uşaqlar yatdığı yerdə gecə ilə üstlərinə raket atmaq... Dünya müharibələri tarixində belə vəhşilik olmayıb. Ali Baş Komandan xalqa söz verib ki Gəncənin qisası alınacaq! Hamı ona inanır. Sən sağal, bircə tez sağal!

-Böyüyəndə kim olmaq istəyirsən?

Danışa bilmədim. Həkim köməyimə çatıb dedi:

- O  pianoçudur. Neçə dəfə Bakıda Milli Kanservatoriyada  konsert müsabiqələrində iştirak edib, qalib gəlib. – Həkim elə danışdı, deyəsən haqqımda hər şeyi bilirdi.

- Əla. Biz istedadlara dəyər veririk. Təhsilinə kömək edəcəyəm. Arzularını yarımçıq qoyma. Məktəbi bitir, Konservatoriyaya gəl. Gözəl pianoçu olmağın üçün əlimdən gələni edəcəyəm.

Sonra gələnlər Arturun çarpayısına yaxınlaşdılar. Bir xeyli orda dayanıb Arturdan danışdılar. Çalışırdım nəsə eşidim, bilim Artur sağalacaq, yoxsa yox. Çox istəyirdim Artur gözlərini açsın. Amma açmırdı.

Hamı otaqdan çıxanda birdən mənim səsimi eşidib geri qayıtdılar. Amma nə dediyimi heç kəs başa düşmədi.

Nəsə demək istəyirsən?  - Həkimim yaxınlaşıb soruşdu:

Özümdə güc toplayıb dediyimi təkrar etdim:

-  Mən pianoçu yox, snayperçi olacağam!

  Belə deyəndə Mehriban xanım geri qayıdıb məni qucaqladı. Bir xeyli belə qalandan sonra tez palatadan çıxdı. Çiynimin yaş olmağından başa düşdüm ki,  ağlamışdı.

GÜLZAR İBRAHİMOVA