Hicran Hüseynova: “Fransanın Senatı belə qərəzli mövqe ortaya qoymaqla həmsədrlik missiyasına ləkə vurur”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Professor Hicran Hüseynova SABAHİNFO.AZ saytına müsahibə verib. Gündəmdə olan mövzuları dəyərləndirib. Həmin müsahibəni siz oxucuların diqqətinə çatdırırıq.

-Hörmətli Hicran xanım Azərbaycan Vətən Müharibəsində şanlı Qələbə qazandı. Cənab Prezident inanılmazı başardı və bizlərə QƏLƏBƏni ərməğan etdi. Bu yöndə sizin fikirləriniz maraqlıdır...

-Artıq Kəlbəcər erməni işğalından azad edildi. Bu münasibətlə mən bir daha kəlbəcərliləri, xalqımızı təbrik edirəm. Bu qələbəni təmin edən şəhid əsgər və zabitlərimizi böyük hörmət hissi ilə yad edirəm. Yaralı əsgər və zabitlərimizə tezliklə sağalmalarını arzu edirəm. Bu gün hər birimiz çox tarixi anlar yaşayırıq. 30 ilə yaxındır ki, biz bu həsrətlə yaşayırdıq. Bəzi insanlar bu günləri görmədən, bu sevinci yaşamadan, narahat köçdü bu dünyadan. İnanıram ki, onların ruhu şaddır. Ölkə başçısı İlham Əliyev 17 il ərzində bu böyük Qələbəni təmin etmək üçün mühüm addımlar atıb. Əlbəttə ki, ilk növbədə stabil və güclü iqtisadi inkişafa nail olmaq lazım idi. Azərbaycan hər ötən il öz iqtisadi imkanlarını artırmaqla, ölkə, region üçün çox əhəmiyyətli layihləri reallaşdırdı. Cənab İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı da bu məsələni xüsusi vurğuladı ki, "biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik”. Bu isə imkan verdi ki, digər sahələrdə, xüsusilə ordu quruculuğu istiqamətində islahatlar aparılsın. Bu münaqişənin həlli üçün mühüm amillərdən biri də hüquqi bazanın yaradılması idi. Azərbaycan dövləti bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələrin qəbul edilməsinə nail oldu. BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar, qətnamələrinin qəbul edilməsi münaqişənin həlli üçün çox möhkəm hüquqi baza yaratdı.

Qarabağla bağlı, bu münaqişənin başlanmasının əsl səbəblər və həqiqətlərlə bağlı aparılan təbliğat və təşviqat işləri münaqişənin mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Bu işdə Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyevanın rolunu xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, hər bir vətəndaşımız öz üzərinə düşən məsuliyyəti anlayır, bu məlumatlandırma kampaniyalarında fəal iştirak edirdilər. Ölkə başçısı dəfələrlə deyirdi ki, "hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”. Və bu baş verdi. 44 günlük Vətən müharibəsində əldə olunan qələbədə hər kəsin öz payı var.



-44 günü ƏSR-ə sığışdıran Azərbaycan Ordusu tarix yazdı və bu tarixin yazılması ilə ərazi bötüvlüyümüz təmin olundu. Bundan sonra hansı addım atılmalıdır?

- Azərbaycanın regional və qlobal proses və layihələrdə iştirakı daha da artacaqdır. Bütövlükdə Cənubi Qafqazda yeni siyasi mühit formalaşacaqdır. Artıq onun bəzi detallarını müşahidə etmək mümkündür. Ancaq biz öz ərazi bütövlüyümüzü təmin etdikdən sonra daha çox ehtiyatlı olmalıyıq. Tarix və təcrübə göstərir ki, ermənilər hər an təhlükə yarada bilərlər. Azərbaycanın sərhədlərində, xüsusilə cənub və Ermənistanla olan sərhədlərində öz hərbi bazalarımızı yaratmalıyıq ki, təhlükəsizliyimiz təmin olunsun, başqa maraqların toqquşmasına imkan verməməliyik. Bu gün Azərbaycan erməni faşizminə qarşı apardığı ədalətli mübarizədə dünyanın bir çox dövlətlərin və siyasətçilərinin ikili standartının şahidi olur. Lakin heç bir ölkə unutmamalıdır ki, Azərbaycan hər zaman terrorizmlə mübarizə aparıb, II dünya müharibəsində, eləcə də müasir dövrdə öz mühüm töhfələrini verib və verməkdə davam edir. Bu baxımdan bütün dünya dövlətləri bu gün Azərbaycanın sülh və ədalət naminə Cənubi Qafqazda həyata keçirdiyi sülh missiyasını yüksək qiymətləndirməli, beynəlxalq hüquq normaları çərçivəsində erməni faşizmi ilə mübarizədə haqlı mövqeyimizi dəstəkləməlidirlər. Buna görə də, II dünya müharibəsindən sonra Almaniyaya qarşı tətbiq edilən hərbi sanksiyalar Ermənistana da tətbiq olunmalıdır. Erməni vandalları 28 ildə törətdikləri vəhşiliyə, mədəni-tarixi-dini irsimizə, təbiətimizə, yeraltı və yerüstü sərvətlərimizə görə öz cəzalarını almalıdırlar. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə bu cinayətlərlə bağlı hesabat hazırlanır. Ermənistan bütün bu müddət ərzində və hazırda vurduğu ziyana görə məsuliyyətə cəlb olunmalı və təzminat ödəməlidir. Eyni zamanda, Qarabağda yaşamaq istəyən ermənilərlə bağlı xüsusi qayda və normalar hazırlanmalı, monitorinq aparılmalıdır. Ermənilərin bu ölkənin vətəndaşı kimi yaşaması üçün müəyyən tələb qoyulmalıdır. Həmin qiymətləndirmə əsasında erməni yaşamaq haqqını əldə edə bilər.

Biz qurub- yaradan xalqıq. Artıq bərpa və quruculuq işlərinə başlanılmışdır. Ölkə başçısının sərəncamları ilə işğaldan azad olunmuş ərazilərdə artıq müvafiq işlər görülür. Bütün bunlar bir daha göstərir ki, biz vaxt itirmədən kəndlərimizin, şəhərlərimizin yenidən qurulmasına çalışırıq. Cənab Prezident İlham Əliyevin Fizuli, Cəbrayıl və Ağdama səfəri zamanı dediyi kimi, "onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bütün buraları bərpa edəcəyik”. Quruculuq planları hazırlanır, yerli və beynəlxalq investorların cəlb edilməsilə Qarabağ cənnətə çevriləcəkdir. Digər bir mühüm məsələ isə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında digər dinlərə məxsus dini və mədəni abidələrin qorunmasına dair qərb dövlətlərinin etdiyi çağırışlardır. Birincisi bunun heç bir əsası yoxdur. Əsrlər boyu ölkəmizdə müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı respublikadır. Azərbaycan xalqının tolerant bir xalq olduğunu, həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar təsdiq etmişlər. Ölkəmizdə bütün xalqların, bütün dinlərin, bütün etnik qrupların nümayəndələri eyni hüquq və azadlıqlara malikdirlər. Bu, bizim Konstitusiyamızda təsbit olunub. Bu gün Azərbaycanda bütün dinlərin, millətlərin və etnik qrupların nümayəndələri ölkəmizin inkişafına öz töhfələrini verməkdədirlər. Cənab Prezidentin və ölkənin Birinci Xanımı Mehriban Əliyevanın diqqəti və qayğısı nəticəsində onlarla məscidlər, kilsə və sinaqoqlar və digər dini məbədlər əsaslı şəkildə təmir olunub, bərpa edilib vətəndaşların istifadəsinə verilib. Eyni zamanda, son illər multikulturalizm, sivilizasiyalararası dialoq, mədəniyyətlərarası dialoq mövzularına həsr olunmuş bir çox beynəlxalq tədbirlər məhz Azərbaycanda, onun paytaxtı Bakıda keçirilir. Bəs o zaman digər suallar yaranır. Nə üçün bu dövlətlər, beynəlxalq təşkilatlar 27-30 il işğal altında qalmış Azərbaycan torpaqlarında yerləşən dini abidələrimizə qarşı törədilmiş vandalizmi qınamırlar? Necə olur ki, ötən müddət ərzində işğal olunmuş ərazilərdə islam dininə məxsus abidələr vəhşicəsinə dağıdılır, ermənilər qədim alban tayfalarına məxsus dini və tarixi məbədlərini özününküləşdirir, ancaq, əksər beynəlxalq təşkilatların və dünya dövlətləri buna münasibət bildirmir? Bu ikili standart deyilmi? Bəs nə üçün məscidlər yerlə yeksan olub, təhqir edilib, buna heç bir münasibət bildirilmir? Ağdamda məscidin önündə çıxış edərkən Ali Baş Komandan, Prezident İlham Əliyev çox aydın və qısa şəkildə bu məsələyə öz münasibətini bildirdi və qeyd etdi ki "Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur”. Azərbaycan multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərində dağıdılmış islam və qeyri-islam dininə mənsub bütün abidələri bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcəkdir.

-Hələ müharibə zamanı Fransanın qərəzi açıq aydın bilinirdi. Münaqişə QƏLƏBƏ ilə yekunlaşmasına baxmayaraq Fransa yenə qərəz dolu bəyanatları ilə gündəmə gəlir. Ümumən sizcə Fransa nə istəyir?

- Əlbəttə ki, Vətən müharibəsi və hazırda Azərbaycana siyasi və mənəvi dəstək verən ölkələrlə yanaşı, bizə maneələr yaradan qüvvələr də az deyil. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin Fransa Senatı öz təxribatçı hərəkətləri ilə işğalçı ölkəni müdafiə edir. Bir qrup ermənipərəst, anti-türk və anti-azərbaycan əhval-ruhiyyəli senator tərəfindən təklif edilən və Fransa Senatının Rəyasətində qəbul edilən "Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə layihəsini qəbul etmişdir. Bildiyiniz kimi, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdiri Hikmət Hacıyev münasibət bildirib, Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb, Milli Məclis Fransa senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat qəbul edib. Başda Milli Məclisin sədri xanım Sahibə Qafarova olmaqla hər bir millət vəkili noyabrın 25-də Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunması və təxribat xarakterli qətnamənin qəbul edilməsini qətiyyətlə pisləmişdir. Bu sənədə ötəri nəzər saldıqda belə onun nə qədər qərəzli bir yanaşmaya əsaslandığın görmək olar. Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti kobudcasına təhrif edilib, xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa cəhd göstərilib, ölkəmizə böhtanlar atılıb. Bu sənəddə qeyd olunub ki, qondarma qurumun tanınmasıyla bağlı qətnamə beynəlxalq hüququn normalarının pozulması deməkdir. Fransa təcavüzkarı öz adı ilə çağırmır və işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoymur. Üçtərəfli bəyanat Azərbaycan torpaqlarının işğalına son qoyub. Regionun inkişafı üçün şərait yaradıb. Bəyanatda qeyd edilir ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı ATƏT həmsədrinə müraciət edilməsi təklif edilsin. Həmçinin Fransa ilə həm siyasi, həm də iqtisadi münasibətlərə yenidən baxılması təklif edilib.

İlk öncə onu demək lazımdır ki, bu qətnamənin Fransa Senatının Rəyasətində qəbul edilərək Plenara ötürülməsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. İnsan və vətəndaş hüquqlarından dən vuran bir dövlətin senatının belə bir ədalətsiz sənədi müzakirəyə çıxarması onun heç bir norma və prinsiplərə əməl etmədiyindən xəbər verir. Digər tərəfdən Fransa hansı əsasla belə bir qətnamə müzakirəyə çıxarır, bunun bir hüquqi əsası varmı? Yox. Bunun bir cavabı var : o da erməni lobbisinin təsiri. Həmçinin, Fransada yaşayan ermənilər və güclü diaspor nümayəndələri münaqişə mövzusundan seçki məqsədləri üçün istifadə edirlər. Bu da Fransanın ermənipərəst siyasətçilərinin belə təxribatçı və ədalətsiz mövqe tutmasının səbəblərindən biridir. Digər tərəfdən Fransa BMT TŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnaməyə əhəmiyyət vermir. Fransa yaddan çıxarmamalıdır ki, bu 4 qətnamənin qəbul edilməsinə özü də səs vermişdir. ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətlərindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoymaqla həmsədrlik missiyasına ləkə vurur. Bu nonsensdir. Eyni zamanda, məsələnin geosiyasi tərəfini də qeyd etməliyik. Fransa münaqişənin həllində Türkiyə və Rusiyanın ön plana çıxmasından və özünün arxa planda qalmasından narazı və narahatdır. Fransa Prezidenti Emmanuel Makron bir neçə gün əvvəl Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirmişdir. Digər tərəfdən Fransanın Xarici İşlər Nazirliyi belə bir qətnaməni tanımadığını bəyan etmişdir. Lakin Fransa Hökuməti bir daha qətnaməni qınayan bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməli və belə sənədlərin hüquqi bazasının olmadığını bildirməlidir. Digər tərəfdən çalışmalıyıq ki, Azərbaycana, onun haqlı mübarizəsinə iki standartla yanaşan dövlətlər arasında dövriyyəyə buraxılmasın. Əfsuslar olsun ki, belə bir acı təcrübəni qardaş Türkiyə yaşamışdır. Qondarma "erməni soyqırımı”nın tanınması bir çox hallarda Türkiyə üçün bəzi maneələr yaratmışdır. Bu dövlətlər bir çox hallarda məsələnin mahiyyətinə, onun tarixi əsaslarına varmır, sadəcə davamlı eşitdikləri və oxuduqları məlumatları əsas götürürlər. Buna görə də, bizim qarşımızda dayanan əsas məsələ bu sahədə təbliğat işlərinin daha gücləndirilməsi və dayanıqlı olmasıdır. Bunun üçün ilk növbədə, müxtəlif ölkələrin diplomatlarının, mədəniyyət və elm xadimlərinin, o cümlədən, Azərbaycanda keçirilən forum və konfranslarda iştirak edən nümayəndələrin işğaldan azad olunmuş ərazilərimizə səfərlərini təşkil etməliyik, onlar öz münasibətlərini bildirməlidirlər. Azərbaycan diasporu öz fəaliyyətini daha da gücləndirməlidir, özündə həmin ölkələrin tanınmış elm, mədəniyyət, ictimai, siyasi xadimlərini birləşdirən, ittifaqlar, konqreslər yaradılmalıdır. Azərbaycan üçün strateji əhəmiyyət daşıyan ölkələrdə, erməni lobbisi güclü olan ölkələrdə diplomatlarımızın sayı artırılmalıdır, informasiya və lobbiçilik sahəsində işlərimizi daha da gücləndirməliyik. Biz təkcə iqtisadi deyil, həm də humanitar və siyasi əlaqələrimizi inkişaf etdirməliyik. Tanınmış ictimai-siyasi xadim Tomas Cefferson deyirdi ki, "Gələcək haqqında arzu mənim daha çox xoşuma gəlir, nəinki keçmiş tarix”. Osmanlı İmperiyası süqut edəndə, bəzi qərb dövlətləri ermənilərə bütün dəstəkləri verirdi, imkanlar yaradırdı və düşmən münasibətdən öz məqsədləri üçün istifadə etdi. Ermənilər hər zaman kin və nifrət hissi ilə yaşayaraq illərlə türklərə, o cümlədən, azərbaycanlılara qarşı da vəhşiliklər törətmişlər. Bu gün də həmin terrorçuluq əməllərini davam etdirirlər. Bu kasıb, iqtisadi və siyasi cəhətdən asılı olan Ermənistan separatçı niyyətlərindən, revanş planlarından əl çəkib, daha səmərəli yolu seçməlidirlər. Biz artıq görürük ki, Azərbaycannın bu qətnamənin qəbulu ilə bağlı etirazlar, atılan addımlar bəzi dəyişikliklərə səbəb olub. Belə ki, qətnaməyə səs verən senatorlar Férat Françoise, Philippe Bonnecarrière, Alain Duffourg, Évelyne Perrot, Nadia Sollogoub səslərini geri götürərək bitərəf olduqlarını bildiriblər. Anne-Catherine Loisier, Hervé Maurey və Jean-Pierre Moga isə səslərini geri götürərək ümumiyyətlə səsvermədə iştirak etməkdən imtina etdiklərini bildiriblər. Nəticədə qətnaməyə səs verən senatorların sayı 297 oldu.

-Azərbaycanın Zəngəzur mahalının geri qaytarması ilə bağlı bir sıra fikirlər səslənir. Həyatdır belə bir hal olsa ictimai-siyasi və dövlət xadimi Kamran Hüseynovun qızı kimi Zəngəzurda nə kimi işlər görərdiniz?

- Bildiyiniz kimi, 1992-ci ilin aprelində Zəngəzur bölgəsindən olan 300-dən tanınmış alim, ziyalının iştirakı ilə keçirilən təsis konfransı keçirilərək Zəngəzur Cəmiyyətləri Birliyi yaranıb və 1992-ci ilin mayında Dövlət qeydiyyatına alınıb. Bu birliyin ilk sədri atam Kamran Hüseynov olmuşdur. Sonra isə Azərbaycan SSR Ali Sovetinin və Milli Məclisin deputatı olmuş Tofiq Mehdiyev rəhbərlik edib. İctimai birliyin hazırkı sədri tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi veteranı Hacı Nərimanoğludur. Birlik QHT Şurasının dəstəyi ilə indiyədək Azərbaycan, Çexiya və Türkiyədə 9 layihəni icra edib, Fəxri fərmanlara layiq görülüb, layihələrin icrası dəfələrlə "əla" qiymətləndirilib, həm də 6 adda kitab buraxılıb, zengezur.com saytı yaradılıb.

Bu cəmiyyət həm atamın rəhbərliyi dövründə, həm də hazırda güclü işlər görülmüşdür və təkliflər hazırlanmışdır. Ancaq cənab Prezidentin dediyi kimi, biz öz fəaliyyətimizi suveren sərhədlərimiz və ərazi bütövlüyü çərçivəsində qururuq. Lakin tariximizi də unutmamalıyıq, daim biz təbliğat aparmalıyıq, xüsusilə də indiki həssas zamanda. Dünya bilməlidir ki, ermənilər bu əraziyə 1805-ci ildən başlayaraq köçürülüblər. Onlar bu torpaqlara sonradan gəliblər, onların burada heç bir tarixi yoxdur, ancaq siyasi və iqtisadi maraqlar əsasında onlar burada yaşamağa başlayıblar. Artıq indi yeni reallıq var. Noyabrın 10-da imzalanmış üç tərəfli bəyanat, xüsusilə də Naxçıvanla yaradılacaq quru kommunikasiyalar qurulması Naxçıvanla Mehri və Zəngilan arasında yolun açılmasıdır. Və bu bizə gələcəkdə strateji əhəmiyyətli layihələri həyata keçirməyə imkanlar verəcək.

Ədil Ədilzadə