Hicran Hüseynovadan Milli Məclisdə önəmli təkliflər

Bu il gərgin və şərəfli oldu. Bir çox çətinliklər və problemlərin fonunda biz bu ili Qələbə ilə başa vururuq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etmiş və ərazi bütövlüyümüz təmin olunmuşdur. Biz həmişə "Qarabağın işğaldan azad edilməsi”ni müzakirə edirdik, indi isə "Qarabağda bərpa-quruculuq işlərin”dən danışırıq. Qeyd edim ki, "Böyük qayıdış”ın təmin edilməsi və işğaldan azad olunmuş şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulmuşdur.

Dünyada, o cümlədən Azərbaycanda da COVİD-19 pandemiyası bütün sahələrə təsir etdi. Bəzi dövlətlər ən vacib sosial xərcləri ödəməkdə çətinlik çəkdiyi halda, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl iqtisadi islahatlar, sosial layihələr həyata keçirilir. Aztəminatlı və həssas təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulan layihələr davam etdirilir. Ölkə başçısının vaxtında və qətiyyətli qərarları, Hökumətə verdiyi tapşırıqları nəticəsində Azərbaycan hər il mötəbər beynəlxalq hesabatlarda irəliləyir. Dünya Bankı "Doing Business” 2020-ci il hesabatına əsasən Azərbaycan 191 ölkə üzrə 6 pillə irəliləyərək 28-ci yerə layiq görülüb və dünyanın ən çox islahat aparan 10 ölkəsindən biri elan olunub. Bu, 2020-ci ildə iqtisadi dayanıqlılığını təsdiq edir və 2021-ci ildə ölkə iqtisadiyyatının artım mərhələsinə qədəm qoymasına imkan yaradacaqdır.

Artıq bir neçə gündür ki, müvafiq dövlət qurumlarının rəhbərləri, Milli Məclis Komitələrinin birgə həm onlayn, həm də Plenar iclasda çox vacib müzakirələr aparılır. Qeyd etmək lazımdır ki, Pandemiya və Vətən müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə, qısa bir zamanda Hökumət və müvafiq dövlət qurumları geniş, əhatəli Büdcə zərfi hazırlanmışdır. Eyni zamanda, Milli Məclisin spikeri Sahibə xanım Qafarovanın göstərişi ilə ilk dəfə olaraq bu müzakirədə bütün deputatların iştirakının təmin olunmuşdur. 2021-ci ilin dövlət büdcəsi hazırlanan zaman ölkə həyatında yaranan yeni reallıq və çağırışlar da nəzərə alınmışdır. Hökumətin pandemiya, post-müharibə dövründə görəcəyi işlər 2021-ci ilin dövlət büdcəsinin layihəsində öz əksini tapmışdır. Gələn ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərdə bərpa - quruculuq işlərinin aparılması, Vətən Müharibəsi iştirakçılarının, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması nəzərə alınıb. Gözənildiyi kimi, gələn il də

dövlət büdcəsi sosial yönümlü olacaqdır. Hökumət gələn il sosial sferadakı islahatlarla insanların məşğulluğunu, o cümlədən qadın məşğulluğunun maksimum təmin etmək istiqamətində daha ciddi addımlar atmağı planlaşdırır. Müzakirələr zamanı region üçün mühüm və çox ciddi layihələrin həyata keçirilməsi haqqında fikirlər oldu. Həmin regional nəqliyyat, kommunikasiya və loqistika layihələri gələcəkdə təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar və perspektivlər yaradacaqdır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olaraq ailə, qadın və uşaq məsələləri ilə bağlı bir sıra təklifləri səsləndirdim. Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Strateji Yol Xəritəsi də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutur. Buna görə də əhalinin, əsasən də qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Artıq belə bir təcrübə var ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Aİlə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaratdığı Qadın Resurs Mərkəzləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq layihələri, Kənd Təsərrüfatı Nazirliyinin "AFAQ” layihəsi buna əyani misaldır. Bu sahədə işləri daha da genişləndirməsi təklif olundu. Həmçinin qadın məşğulluğunun təmin edilməsi və qadın sahibkarlığının inkişaf etdirilməsi üçün uşaq bağçalarının və günərzi qayğı mərkəzlərinin sayının artırılmasına ehtiyac vardır. Qeyd etməliyəm ki, bir çox dövlətlərdə bu problem var. Ölkədə 1-5 yaşlı uşaqların cəmi iyirmi səkkiz tam onda beş faizi (28,5) uşaq bağçası ilə əhatə olunub. Doğrudur bu göstərici əvvəlki illərlə müqayisədə cüzi də olsa artmışdır. Lakin uşaq bağçalarının, eləcə də günərzi qayğı mərkəzlərinin az olması, bəzi rayon, qəsəbə və kəndlərdə heç olmaması qadınları işləmək imkanlarından məhrum edir.

"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilmişdir. Bu sənəddən irəli gələrək bir sıra mühüm tədbir və layihələrin həyata keçirilməsi gözlənilir. Lakin bununla yanaşı uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmasına, yaxud təkmilləşdirilməsinə ehtiyac vardır. Bununla əlaqədar qonşu ölkələrin müsbət təcrübəsi var. İndiki vəziyyəti nəzərə alaraq çox uşaqlı və aztəminatlı ailələrə heç olmazsa bayramlar da belə bir paket təqdim olun bilər. Gələcəkdə isə davamlı və aylıq ödənişlər etmək olar. Həmçinin 3 yaşına qədər uşağı olan ailələrə verilən müavinətin artırılması və həmin məbləğin stabil olaraq 3 il müddətində verilməsi ailələrin və uşaqların rifahına müsbət təsir göstərəcəkdir. Əgər 2001-ci ildə alimentin alınması ilə bağlı məhkəmə qərarlarının icrasının sayı 2260 idisə, 2019-cu ildə bu rəqəm 93 939 olmuşdur. Bu statistik göstəricilər və eləcə də edilən müraciətlər bir daha Aliment Fondunun yaradılması məsələsini aktuallaşdırır. İpoteka kreditlərinin Qarabağ Müharibəsi veteranlarına, həkim və müəllimlərə də şamil olunması sosial tələbatın tələblərindən biridir. Bu təkliflərin bir çoxu nəzərə alındı, eləcə də bəzi suallara aydınlıq gətirildi.

Pandemiya bir daha göstərdi ki, dünyada heç bir dövlət bu vəziyyətə hazır deyildi və hələ də çətinliklər yaşamaqda davam edir. Lakin bu da bir reallıqdır ki, artıq yeni növ virus və təhlükələrin yaranması ehtimalı var. Əlbəttə ki, biz buna hazır olmalıyıq. Ona görə də, bu sahədə elmi araşdırmaların aparılması üçün maddi-texniki bazanın gücləndirilməsinə diqqət ayrılmalıdır. Digər tərəfdən fövqəladə vəziyyətlərlə bağlı xüsusi daimi Fond yaradılmalıdır. Doğrudur, cənab Prezidentin təşəbbüsü ilə Koronovirusla bağlı Fond yaradılıb. Ancaq bu müvəqqəti xarakter daşıyır. Belə bir fondun yaranması yeni fövqəladə vəziyyətdə, böhranlı dövrdə həm dövlətə, həm də əhaliyə dəstək deməkdir.

Əlbəttə ki, belə müzakirələr zaman həm də Sumqayıt şəhərinin millət vəkili kimi də bəzi məsələləri də diqqətə çatdırmaq çox mühümdür. Ölkə başçısı tərəfindən bütün şəhər və rayonlarımıza, o cümlədən, Sumqayıt şəhərinə də xüsusi diqqət göstərilir. Lakin bununla yanaşı, bəzi problemləri səsləndirmək istərdim. Belə ki, şəhərin 30 faizi istiliklə təmin olunub, qalan 70 faiz isə öz həllini gözləyir. Binaların dam örtüklərinin 80 faizi təmir olunsa da, 20 faizi isə hələ də öz həllini tapmamışdır. Sumqayıtda insanların sağlamlığını, məişət tullantılarının düzgün emal olunması və ekologiyanın qorunması üçün Məişət Tullantıları Zavodun tikilməsinə ehtiyac vardır.

Bütövlükdə, Milli Məclisdə müzakirəyə çıxarılan büdcə zərfi sənədləri də özündə məhz ölkə həyatında müşahidə olunan dəyişiklikləri əhatəli şəkildə əks etdirir. Vətən müharibəsində qalib gəlmiş bir dövlətin büdcəsini qəbul edilməsində iştirak etmək tarixi bir hadisədir.

Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor