Könül Nurullayeva: Həmsədrlər Ermənistana təzyiqi artırmalıdır

Humanitar atəşkəs Ermənistanın son şansıdır. İşğalçı ölkə vəziyyəti düzgün təhlil etməli və destruktiv fəaliyyətdən əl çəkməlidir. Azərbaycan hər zaman münaqişənin siyasi yolla həllinin tərəfdarı olub və bu vaxta qədər Ermənistanla aparılan sülh danışıqları işğalçı ölkə üçün ən böyük kompromis idi. Lakin Ermənistanın siyasi rəhbərliyi - istər Paşinyan hökuməti, istərsə də Paşinyana qədərki rəhbərlərin heç biri siyasi iradə ortaya qoya bilmədi. Nəticədə münaqişənin həlli istiqamətində pozitiv dinamika əldə etmək mümkün olmadı.

Deputat vurğulayıb ki, bu da münaqişə bölgəsində eskalasiyanı şərtləndirdi: "Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatı faktiki bölgədə və münaqişə ətrafında yeni mənzərənin yaranmasına səbəb olub. Cəmi 10 gün ərzində Azərbaycan ordusu işğalçı ölkənin ordusunu darmadağın etdi və artıq münaqişə bölgəsində təmas xətti anlayışı yoxdur. Ermənistan növbəti dəfə sülhə məcbur edilərək, yeni siyasi müstəvidə danışıqlar masasına oturacaq və təbii ki, hadisələrin gedişi Ermənistanın danışıqlar masasında özünü necə aparmasından asılı olacaq. Hərbi əməliyyatlar fonunda status-kvonun süni şəkildə uzadılmasının mümkün olmadığını Ermənistan da, bütün dünya ictimayiyyəti də gördü.

Azərbaycan silahlı qüvvələri öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Hərbi sahədə əldə edilən uğurlar diplomatik müstəvidə Azərbaycanın mövqeyini daha da gücləndirir. Rəsmi Bakının mövqeyi dəyişməzdir – işğal altındakı ərazilər azad edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Danışıqlara gəlincə, artıq Azərbaycan tərəfi rəsmi şəkildə bəyan edib - danışıqlar davam etdiriləcəksə, konkret gündəlik və vaxt çərçivəsi olmalıdır. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatı əsasında hazırlanmış sənədlər də konkret vaxt cədvəlinə əsaslanır. İndiki məqamda ATƏT-in Minsk Qrupunun həmsədrləri də səyləri artırmalı, vasitəçilər bu vaxta qədərki səhvlərini təkrarlamamalı, işğalçı ilə təzyiq dilində danışmalı, təcavüzkar ölkə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir".