Qələbə bizimlədir


Azərbaycan Ermənistanın hərbi təxribatları qarşılığında əks-hücuma başlayanda da, işğalçı ordunu darmadağın edəndə də danışıqları istisna etməmişdi və bunun üçün öz şərtlərini irəli sürmüşdü. Bu şərtlər isə beynəlxalq hüquqa, Azərbaycanın işğal altında olan ərazilərinin dərhal, tamamilə və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əsaslanmışdır. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana heç bir təzyiq göstərilməmışdir. Onlar öz işlərini ikili standartlara söykənən bəyanatları ilə bitmiş hesab edərək, əslində məqsədyönlü şəkildə status-kvonun dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həm vasitəçiləri, həm də işğalçını qane edirdi. Beləliklə, vasitəçilərin fəaliyyətsizliyi, işğalçının cəzasız qalması bölgənin təhlükəsizliyini şübhə altına alırdı Təbii ki, Azərbaycan öz milli məsələsi olan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşa bilməzdi. Yaranmış vəziyyətdən düzgün istifadə edən Azərbaycan özü münaqişə bölgəsində 30 ilə yaxın davam edən status-kvonu dəyişdi. Nəticədə, artıq təmas xətti yoxdur.. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi əhəmiyyəti əvəzolunmazdır. Vəziyyəti Azərbaycan öz siyasi iradəsi və Silahlı Qüvvələrinin gücü hesabına dəyişdi

Moskvada razılaşdırılmış humanitar atəşkəs hərbi əməliyyatların gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmasıdır. Bu proseslərin paralel şəkildə aparılması əldə edilmiş nailiyyətlərin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.

Artıq danışıqların gedişində Azərbaycanın irəli sürdüyü şərtlər və bu şərtlərlə bağlı Prezident İlham Əliyevin prinsipial mövqeyi ortalıqdadır. Bu dəyişməz mövqe qarşı tərəfin hər hansı bir iddiasının, şərtinin qəbul edilməyəcəyi ilə bağlı mövqeyini açıq şəkildə nümayiş etdirir Danışıqlar mahiyyəti üzrə, heç bir manipulyasiyaya, status-kvonun bərpasına xidmət edən bəhanələrə yol verilmədən aparılmalı, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması hazırlanan plan əsasında həyata keçirilməlidir.
Artıq təmas xətti deyilən anlayış yoxdur, status-kvo dəyişib, hərbi və siyasi müstəvidə şərtləri Azərbaycan diktə edir.
Vaxtilə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin isə çox böyük geosiyasi əhəmiyyəti var. Bu Azərbaycanın öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəyinin, tarixi və hüquqi ərazisində suveren hüquqlarından kənar hər hansı bir subyektin formalaşmasına imkan verməyəcəyinin sübutudur.

Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbələrlə Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Yənı, bununla da Ermənistanın separatçı qurumu üçüncü tərəf kimi münaqişəyə cəlb etmək istəyi rədd edildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistanın baş naziri artıq heç bir şərt irəli sürə bilməz və ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir.

. Artıq diplomatik danışıqlar da tam fərqli məcrada davam edəcək. Vaxtilə imtina etdiyi baza prinsiplərini qəbul etməyə məcbur olan Ermənistan bu gün beynəlxalq hüquqdan danışmaq haqqının olmadığını yaxşı dərk edir. Artıq işğalçı ölkə mövcud vəziyyətdən status-kvonun uzadılması üçün istifadə edə bilməyəcək. Bundan sonra aparılacaq danışıqların gedişində şərtləri Azərbaycan müəyyənləşdirəcək və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz. İmitasiya xarakterli danışıqlar da müzakirə mövzusu ola bilməz. Rəsmi Bakı yalnız nəticəyə hesablanmış danışıqların davam etdirilməsinin tərəfdarıdır. Beynəlxalq vasitəçilər və dünya birliyi də anladı ki, Dağlıq Qarabağ Azərbaycanın milli məsələsidir.

İndi azad etdiyimiz ərazilərdə, Ermənistan ordusunun hər hərəkətini nəzarətdə saxlamağa imkan verən yüksəkliklərdə mövqeylərimizi möhkəmləndiririk. İnanırıq ki, cərəyan edən bütün proseslər bundan sonra xeyrimizə işləyəcək, döyüşdəki uğurlarımız diplomatik müstəvidəki üstünlüklərimizlə davam edəcək.

Heç şübhəsiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezident İlham Əliyev cənablarının komandanlığı və rəhbərliyi altında aparılan düzgün hərbi-siyasi taktika və strategiyanln nəticəsi əzəli və müqəddəs torpaqlarımızın tez bir zamanda düşmən tapdağından əbədi azad edilməsi ilə başa çatacaqdır.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı