Qələbəmizə zəmin olan xalqımızın birliyi heç vaxt tükənməsin

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir neçə gün öncə qədim Azərbaycan torpağı, ərazi baxımından Azərbaycanın ən böyük rayonlarından biri olan füsunkar təbiətə, zəngin mədəni irsə, tükənməz təbii ehtiyatlara malik Kəlbəcərin işğaldan azad olunması münasibətliə Azərbaycan xalqını, xüsusən kəlbəcərliləri təbrik edib.

Kəlbəcərin azad edilməsi Azərbaycan Prezidenti, qalib sərkərdə İlham Əliyevin uzaqgörən, düşünülmüş, düzgün taktika və strategiyasının parlaq nəticəsinin təzahürü kimi qiymətləndirilməlidir. Bu zəfər, həm də şanlı Azərbaycan Ordusunun igid, qorxmaz, qəhrəman əsgər, çavuş, gizir və zabitlərinin müqəddəs və doğma torpaqlarımız uğrunda yüksək hərbi peşəkarlıq və tükənməz Vətən sevgisi ilə son damla qanlarına kimi qəhrəmancasına vuruşmalarının əyani təzahürüdür.   

1993-cü il aprelin 2-də işğal edilmiş Kəlbəcər rayonundan günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Kəlbəcərin işğaldan azad olunmasını Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə və həsrətlə gözləyirdi.

1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi Kəlbəcərin qaniçən düşmən tərəfindən işğalını xeyli asanlaşdırdı. Nəticədə, Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaranması hiyləgər və mənfur düşmənin öz çirkin məqsədlərinin tezliklə həyata keçirilməsində əsas açar oldu. Bu unudulmaz acı tarixi hadisədən sonra Azərbaycanın əzəli dədə-baba torpaqlarının xain Ermənistan tərəfindən işğalı xeyli sürətləndirildi. Həmin dövrdə hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsi Kəlbəcər rayonunun işğal altına düşməsinin qarşısının alınması və əhalinin təhlükəsizliyinin qorunması üçün qabaqlayıcı tədbirlər görə bilmədi. Torpaqlarımız işğala məruz qaldı, mülki əhali öz doğma torpaqlarından didərgin salındı.

Ən qədim yaşayış məskənlərindən olan Kəlbəcər zəngin və ecazkar təbiəti ilə doğma Vətənimizin şanlı tarixini qəlbində yaşadan, bir neçə böyük çayımızın mənbəyi olan, heç vaxt unudulmaz və həmişə yaddaşımızda əbədi qalan əziz yurdumuzdur. Eyni zamanda, füsunkar uca dağları, şiş qayaları, saysız-hesabsız müalicəvi bulaqları, tayı-bərabəri olmayan yaşıl çəmənləri və meşələri ilə qəlbləri heyran edən və riqqətə gətirən elimizin-obamızın iftixar yeridir. Kəlbəcər həm də Azərbaycan aşıq sənətinin məbədgahıdır. Aşıq Qurbanın, Dədə Şəmşirin, onlarca tanınmış istedadlı şair və yazıçıların Vətənidir.

 Zəngin mineral ehtiyatları ilə məşhur olan Kəlbəcər yaramaz, utanmaz və heç bir abır-həya bilməyən, faşist ideologiyasına can-başla xidmət etməkdən çəkinməyən, həyasız sabiq Ermənistan liderləri Köçəryan, Sarkisyan və digərləri başda olmaqla millətçi və xəbis ermənilər tərəfindən talanmış və məhv edilmişdir. Bu yırtıcı və amansız cəlladlar və oğrular kəlbəcərlilərin evlərinə girib soxularaq 27 ilə yaxın orada yaşayıblar. Ancaq Kəlbəcəri tərk edərkən dünya ölkələrinin və onların insanlarının gözləri qarşısında meşələri qırıb taladılar, vəhşicəsinə yandırdılar. Ekoloji faciə və fəlakət yaratdılar. Onlar hətta evləri, məktəbləri, tarixi abidələri yandırmaqdan belə çəkinmədilər, bütün maddi-mədəni irsimizi yerləyeksan etdilər. Heç bir insanlığa sığmayan bu vəhşi hərəkətləri azmış kimi, apara bilmədikləri ev heyvanlarını qəddarcasına öldürdülər, kommunikasiya xəttlərini isə tam yararsız hala saldılar. Onlar təsəvvür edilməsi və dilə gətirilməsi insanlarda vahiməyə səbəb olan bu ləyaqətsiz və yaramaz hərəkətləri ilə əsl simalarını tam çılpaqlığı ilə açıq-aydın göstərdilər. Bu şərəfsiz simasızlıqları ilə, hətta onları daim müdafiə edən və dəstəkləyən ölkələrə də üzqaralığı gətirdilər. Başını aşağı dikdirdilər. Haqqı-ədaləti qorumağı və müdafiə etməyi üstün tutan ölkələrin bəziləri onların kimliyini gec də olsa, anladı və başa düşdülər.

Müzəffər Prezidentimiz cənab İlham Əliyevin nüfuzlu beynəlxalq təşkilatların yüksək kürsülərindən Ermənistan dövləti və onu idarəedən kriminal liderləri barədə söylədikləri və dünyanın aparıcı kütləvi-informasiya vasitələrinə verdiyi müsahibələrdə onların iç üzü olduğu kimi açıldı. Dünya xalqları dərk etdilər ki, ermənilər yalnız yalan iddialarla bəşəriyyətə daim fəlakət və bəla gətirən faşist ideologiyasını utanmadan və çəkinmədən yerinə yetirən yeganə ölkə kimi, son dərəcə təhlükəli və qorxulu bir düşməndir. Ermənistanın əsas məqsədi onu dəstəkləyən ölkələrin hesabına yaşamaq və başqalarının qanuni ərazi və torpaqlarına sahib çıxmaqdır.

 Atalar əbəs yerə deməyiblər ki, "yalanın ömrü az olar” və yaxud "yalan ilə dünyanı gəzmək olar, amma qayıtmaq olmaz”. Ordumuzun tarixi zəfəri bu yalanlara və dağlar diyarı Kəlbəcərin döğma Vətən övladları ilə müvəqqəti ayrılığına əbədi son qoydu. Bu qələbə münasibətilə başda Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını və kəlbəcərliləri təbrik edirəm. Kəlbəcərli dostlar, qonşular, ağsaqqallar, ağbirçəklər və gənclər, gözünüz aydın, sevinciniz davamlı və əbədi olsun!

 İnanıram ki, tarixi diyarımız və təbiət incimiz olan Kəlbəcər cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tez bir zamanda tam bərpa ediləcək, yerli əhali doğma yurduna sevinc və fərəh hissi ilə qayıdacaqdır. Onlar öz yurdsevərliyi, vətənpərvərlyi, mənəvi qürur, həmrəylik hissləri və zəhmətləri ilə bu diyarı laləzara çevirəcəklər. Kəlbəcəri yenidən qurub-yaratmaqla dirçəldəcək, doğma Vətənimizin ən gözəl və yaddaqalan guşələrindən birinə çevirəcəkdir. Ən əsası bu kurort zonası azərbaycanlıların sağlamlıqlarını etibar etdikləri əvəzolunmaz müalicə və istirahət ocağı olacaqdır. Bu sevincli quruculuq planlarının uğurla həyata keçiriləcəyi günlər uzaqda deyil.

 Yaşasın müzəffər Azərbaycan Prezidenti, şanlı və qalib Azərbaycan Ordusu! Azərbaycan xalqının bu birliyi var olsun və heç vaxt tükənməsin!

 Bayram MƏMMƏDOV,

ehtiyatda olan polkovnik-leytenant,

Milli Məclisin deputat köməkçisi,

Əməkdar müəllim