Rüfət Quliyev Bakıya qarşı edilən haqsızlıqdan danışdı

Milli Məclisin deputatı Moskvada faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycanın iştirakı ilə bağlı fikirlərini SABAHİNFO.AZ saytı ilə bölüşüb. Millət vəkili bu hadisəni yüksək dəyərləndirib. Qeyd edib ki, paradda ən diqqət çəkən məqam isə hərbçilərimizin parada yerli istehsal silahla qatılmaları olub!
R.Quliyev onu da vurğulayıb ki, azərbaycan "Böyük Vətən müharibəsi" kimi tarixə düşmüş 1941-1945-ci illər müharibəsinə 600 mindən çox oğlan və qız göndərmişdi: "Onlardan on minlərlə könüllü olaraq cəbhəyə yollanmışdı. Azərbaycanlılar əlavə beş milli - 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyaları formalaşdırmışdılar. 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda döyüşmüşdü. Biz burada Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını qeyd etməyə bilmərik. Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə, Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı, Aslanovun polkuna isə qvardiya adı verilir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edir. 1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belarusiya və Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşlarda xüsusilə fərqlənir. Sonrakı dövrdə də Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bunla da Həzi Aslanov iki dəfə Sovet İttiqafı Qəhrəmanı olan şəxs kimi tarixə düşdü. Bundan əlavə 1941-ci ilin payızında Leninqrad səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin 6 təyyarəsindən 2-ni məhv etmiş, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə İsrafil Məmmədov misilsiz igidlik göstərmiş, ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Qafur Məmmədov, İdris Süleymanov da Şimali Qafqaz uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişlər. Mehdi Hüseynzadənin də adını qeyd etmək lazımdır”.
Deputat bildirir ki, müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu: " Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. 1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi, sürtkü yağlarının 96 faizi məhz Bakının hesabına formalaşmışdı. Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakı "Katyuşa" raketi, "Şpakin pulemyotu" istehsal edir, burada "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Ümumən Bakıda 130-dan çox silah və hissələri hazırlanırdı”.
Deputat Azərbaycan xalqının misilsiz xidmətləri, qələbə naminə göstərdiyi fədakarlıq ermənipərəst İttifaq rəhbərliyi tərəfindən qiymətləndirilmədiyini də diqqətə çatdırıb. "Hətta Azərbaycana qarşı ayrı-seçkilik, ikili standart tətbiq olunmuşdu. Bakı müharibə illərində cəbhəyə həm yanacaq verirdi, həm də hərbi texnika istehsal edirdi. Lakin bunun müqabilində Bakıya "Qəhrəman şəhər" statusu verilmədi, keçmiş SSRİ-də Moskva, Leninqrad və Kiyevdən sonra iri şəhər olan Bakıya ali status verimlədi”.