İstanbulda gecə klubuna hücum zamanı öldürülən Nuranə Həsənovanın meyiti Azərbaycana göndərilib

İstanbulda Yeni il gecəsi "Reina” əyləncə mərkəzindəki terror hadisəsində həyatını itirən azərbaycanlı Nuranə Həsənovanın meyiti Azərbaycana göndərilib.

 

 

APA-nın Türkiyə bürosunun məlumatına görə, meyit ötən gecə təyyarə ilə Bakıya yola salınıb.

 

 

İstanbul Tibbi ekspertiza qurumu 1988-ci il təvəllüdlü Rusiya vətəndaşı Nuranə Həsənovanın meyitini təhvil verib. Tibbi ekspertiza qurumundan APA-ya bildirilib ki, indiyə qədər qurumda terror hücumunda həyatını itirən fələstinli qızın meyitindən başqa meyit qalmayıb. Qeyd olunub ki, əcnəbi vətəndaşların meyitləri İstanbul aeroportunun karqo bölümünə təhvil verilib.

 

 

Qeyd edək ki, Rusiyanın "Kommersant"  qəzetinin internet  saytında Nuranə Həsənovanın meyitinin yanvarın 2-də Azərbaycana göndərildiyi bildirilib.