Perunun nüfuzlu qəzetində Xocalı soyqırım ilə bağlı məqalə dərc edilib

Perunun ən nüfuzlu mətbu orqanlarından biri olan "El Peruano” qəzetində Azərbaycanın Meksikadakı səfirliyinin Peru ofisinin nümayəndəsi Mehdi Məmmədovun müəllifliyi ilə "Azərbaycan Xocalı qurbanlarını yad edir" (Azerbaiyan recuerda a victimas de Jodyalí) başlıqlı məqaləsi dərc olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı qətliamından, Ermənistanın ölkəmizə qarşı təcavüzü, işğal olunmuş ərazilərdə həmvətənlərimizə qarşı həyata keçirilən etnik təmizləmədən bəhs edilir.

Xocalı şəhərinin yerlə yeksan edilərək əhalisinin xüsusi qəddarlıqla kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Qeyd olunur ki Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşiliklər məhz soyqırım kimi göstərilir.

Nəzərə çatdırılıb ki, bu vəhşilikləri törətmiş şəxslər ədalət qarşısında cavab verməlidirlər. Dünya azərbaycanlıları bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan bu soyqırıma hüquqi qiymət verilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edir.

Qeyd edək ki, Peru 2013-cü ildən Xocalı soyqırımını tanımış ölkələrin sırasına daxil olub.