"Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə..." - Prezident

Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır.

Sabahinfo.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

"Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik, ksenofobiya və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu cür narahatedici və təhlükəli meyllərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti daxilindəki ciddi problemlərə diqqət ayırmalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır", - dövlət başçısı qeyd edib.