Fransada jurnalistlərə hücum bu ölkənin əsl simasını göstərir

İyunun 28-də Fransada Azərbaycan Televiziyasının əməkdaşları ciddi təzyiq və hücuma məruz qalıblar. Akkreditasiyadan keçmiş və qanuni fəaliyyətlərini icra edən zaman jurnalistlərin çəkiliş kamerası əllərindən alınıb, sındırılıb və onlar silahla təhdid olunublar. Fransada azərbaycanlı jurnalistlərə qarşı namərd hücumu törədənlər hələ də müəyyən edilərək məsuliyyətə cəlb olunmayıblar. Fransanın müvafiq dövlət strukturları jurnalistlərə qarşı zorakılıq edən cinayətkarların tapılması istiqamətində heç bir addım atmayıb.

Rəsmi Paris akkreditə olunmuş media mənsublarının təhlükəsiz formada qanuni peşə fəaliyyətinə təminat verməyə borclu olduğu halda özünün dövlətdaxili hüquq və beynəlxalq hüquqla müəyyənləşən öhdəliklərini kobud şəkildə pozur. Fransada Azərbaycan Televiziyası əməkdaşlarına hücum bu ölkənin söz və media azadlığına münasibəti ifadə edən vandalizm aktından başqa bir şey deyildir.

Bunu Milli Məclisin deputatı Cəbi Quliyev AZƏRTAC-a açıqlamasında deyib.

Deputat vurğulayıb ki, son dövrlər Fransa Azərbaycana qarşı münasibətdə qərəzə, ikiüzlülüyə yol verir, şər və böhtan ritorikasından istifadə edir. Bir müddət əvvəl Azərbaycanın Fransadakı səfirliyinə hücum edildi. Prezident Emmanuel Makron Azərbaycanla bağlı heç bir diplomatik etikaya sığmayan, ermənilərə xoş gəlmək üçün böhtan və təhrif dolu iddialar səsləndirir. Fransada ölkəmizə qarşı çirkin kampaniyanın aparıldığı bir məqamda Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı zorakılığın törədilməsi bir daha sübut edir ki, fundamental dəyərlərdən - insan haqları və demokratiyadan dəm vuran Fransa özü söz və mətbuat azadlığını boğanlara, terrorçu qruplara və ya terroru, separatizmi dəstəkləyən PKK, daşnaksütyun kimi cinayətkar xislətli təşkilatlara qucaq açır, onları bəsləyir.

“Əslində bu gün Fransada baş verənlər dünyaya demokratiya dərsi keçən Qərbin iç üzünü, real simasını əks etdirir. Qərbin və Avropanın insan haqlarını müdafiə edən və bizə qarşı qərəzli hesabatlar yayan dairələrin Fransadakı bu özbaşınalıqlara göz yummasından irəli gəlir. Sanki Fransa kimi ölkələrdə insan hüquq və azadlıqlarının pozulması normal, təbii bir haldır.

Fransada siyasi böhranın hökm sürdüyü, iğtişaşların geniş vüsət aldığı bir dönəmdə Azərbaycan jurnalistlərinə qarşı cinayətin, vandalizm aktının törədilməsi bu xoşagəlməz halların arxasında Fransadakı iqtidarın siyasi maraqlarının olduğunu düşünməyə imkan verir. Təəssüflər olsun ki, “Freedom House”, ATƏT-in media azadlığı üzrə nümayəndəliyi, “Sərhədsiz reportyorlar” kimi media qurumları əsas diqqətlərini zəif inkişaf edən və ya inkişaf etməkdə olan ölkələrə yönəldirlər. Bu hadisə bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən qəti şəkildə qınanmalı və məsələyə adekvat qiymət verilməlidir. Hər bir Azərbaycan vətəndaşı, qeyri-hökumət təşkilatları, media qurumları bu məsələdə ortaya mövqe qoymalı, hadisəni pisləməli, Fransa hökumətindən günahkarların tapılaraq məsuliyyətə cəlb olunmasını və dəymiş ziyanın aradan qaldırılmasını tələb etməlidirlər. Bu əməli törədənlər cəzalandırılmalı və Fransa dövləti baş verənlərə görə Azərbaycan jurnalistlərindən üzr istəməlidir”, - deyə deputat Cəbi Quliyev fikrini yekunlaşdırıb.