Fuad Heydər: Məqsədyönlü sosial-iqtisadi islahatlar iqtisadiyyatımızın güclənməsini və müasirləşməsini təmin edir

Fuad Heydər,

YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini

 

Fevralın 2-də Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda müstəqil Azərbaycanın iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqda olduğu vurğulanır. Qeyd edilir ki, ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır. Həmçinin, son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib.

Qeyd etmək lazımdır ki, artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb. Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəldib. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olunub. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır. Heç şübhəsiz, Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi-ticari əlaqələrin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyənləşdirilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək. Elə bu səbəbdən, milli prioritetlərimizlə bağlı Sərəncamda da qeyd olunur ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postmünaqişə dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir. Şübhəsiz ki, sistemli və davamlı islahatların qarşıdakı illərdə yeni imkanlar yaradacağına əminik.

Ümumilikdə, 2030-cu ilə qədər həyata keçiriləcək Milli Prioritetlər dayanıqlı rəqabətqabiliyyətli iqtisadiyyatı, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyəti formalaşdıracaq, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı yaranacaq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış baş tutacaq. Eyni zamanda, növbəti onillik üçün ölkənin Milli Prioritetlərinə təmiz ətraf mühit məsələləri daxildir. Bununla əlaqədar, iqtisadi artımı zəiflətmədən, hətta əksinə stimullaşdıraraq ekoloji problemlərin və ətraf mühitə təsirin azaldılması üçün Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalata (RSTİ) keçid ölkəmiz üçün olduqca aktualdır. RSTİ kompleks tədbirlərin həyata keçirilməsi hesabına istehsalat fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlib ki, bu da iqtisadi, ekoloji və sosial faydalar əldə etməyə imkan yaradır. RSTİ-nin əsas məqsədləri resurs səmərəliliyi, tullantıların əmələ gəlməsinin minimallaşdırılması və insanların rifahının yaxşılaşdırılmasıdır.

Beləliklə, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. O cümlədən, məqsədyönlü sosial-iqtisadi islahatlar iqtisadiyyatımızın güclənməsini və müasirləşməsini təmin edir. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Bundan irəli gələrək, aparılacaq iqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin edəcək, həmçinin inkişafdan hər bir vətəndaş bəhrələnəcək. Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amil olduğundan iqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin olunacaq. Bütün bunlar ölkənin Milli Prioritetlər konsepsiyasının tərkib hissəsidir.