Füzulidəki ikinci yaşayış kompleksində nə qədər insan yaşaya biləcək?

Prezident İlham Əliyevin oktyabrın 16-da Füzuli şəhərində təməlini qoyduğu ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarət olacaq, burada 2 300-ə yaxın insan yaşaya biləcək.

Sabahinfo.az xəbər verir ki, bunu şəhərə təşkil olunmuş mediaturda Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov bildirib.

O qeyd edib ki, şəhərin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Ümumilikdə 2 288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılıb. İkinci yaşayış kompleksində ümumilikdə 653 mənzildən 13-ü birotaqlı, 209-u ikiotaqlı, 281-i üçotaqlı, 150-si dördotaqlı olacaq.

Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.

Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksək sürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.