Elektron siqaretlərlə bağlı tez-tez səsləndirilən bir arqument var: guya elektron siqaretlər klassik siqaretlərə nisbətən daha az zərərlidir. İlk baxışda bu fikir məntiqli və hətta effektiv təsir bağışlaya bilər. Lakin məsələni daha dərin və geniş kontekstdə təhlil etdikdə bu yanaşmanın ciddi problemlər yaratdığını görürük.
Son onilliklərdə dünyada aparılan ardıcıl və sistemli maarifləndirmə, qanunvericilik və ictimai səhiyyə tədbirləri nəticəsində, xüsusilə gənclər arasında zərərli vərdişlərə – siqaret və alkoqol istifadəsinə maraq əhəmiyyətli dərəcədə azalmışdır. Bu azalma daha aydın şəkildə orta və yüksək sosial təbəqələrdə müşahidə olunur. Bu fakt onu göstərir ki, illərlə aparılan mübarizə artıq yeni nəsildə real nəticə verməyə başlamışdır.
Məhz bu mərhələdə bazar maraqları yeni bir anlayış formalaşdırdı: “daha az zərərli”, “təhlükəsiz”, “keçid vasitəsi” kimi təqdim olunan elektron siqaret konsepsiyası ortaya atıldı. Bu konsepsiya gənc nəsil üçün sanki problemsiz, asılılıq yaratmayan və sosial cəhətdən qəbul edilə bilən bir alternativ kimi təqdim olunur. Halbuki reallıqda bu yanaşma azalmağa başlayan asılılıq bazarının yenidən genişləndirilməsinə xidmət edir.
Burada məqsədin birbaşa “zərər vermək” olduğunu iddia etmək ilk başda çətin kimi görüləbilər. Lakin biznes maraqları ilə asılılıq yaradan maddələrin uzunmüddətli və davamlı istifadəsi birləşdikdə, bu, cəmiyyət üçün ağır tibbi, sosial və iqtisadi nəticələr doğurur. Xüsusilə nikotin asılılığının erkən yaşlarda yeniyetmələr arasında formalaşması gələcəkdə daha ağır davranış modellərinə və sağlamlıq problemlərinə yol açacaq.
Enerji içəcəklərinə baxsaq görərik ki, problem təkcə kafeinin ürək ritminə təsiri deyilmiş. Bu içkilər də davamlı istifadəyə yönəlik formalaşdırılır və nəticədə əsas risk damamlı istehlaka bağlı yüksək şəkər yükü üzərindən ortaya çıxır. Bu isə metabolik sindromun yaranmasına, ardınca ürək-damar xəstəlikləri, insult, alimentar diabet və bəzi onkoloji xəstəliklərə aparan ciddi bir etyolojik zəncir yaradır.
Elektron siqaretlərdə də oxşar vəziyyət var. “Tüstüsüz”, “az zərərli”, "meyvəli", "klasik siqaretdən qurtulmaq üçün ara vasitəçi" kimi çox mülayim formada təqdim olunmaları, bu vasitələrin tərkibindəki maddələrin ciddi asılılıqla yanaşı, həm də qızdırılma zamanı kimyəvi olaraq bəzən aşkarlanması çətin olan toksik birləşmələr əmələ gətirdiyi bilinməkdədir. Kütləvi istehsal şəraitində nəzarətin zəifləməsi isə daha ciddi gizli asılılıq yaradan psikoaktiv maddələrin dövriyyəyə daxil olma riskini artırır ki, bununla bağlı da həyəcan təbili çalınmaqdadır.
Bu səbəbdən məsələyə sadə və prinsipial yanaşmaq lazımdır: asılılıq yaradan istənilən məhsul dövlət üçün potensial təhlükədir. Müasir dövrdə dövlətlərin əsas vəzifəsi yalnız bazarı tənzimləmək deyil, həm də cəmiyyətin, xüsusilə gənc nəslin sağlamlığını qorumaqdır. Bu isə qaçılmaz olaraq daha sərt və qabaqlayıcı addımlar atmağı tələb edir.
Tarixi təcrübə göstərir ki, sənayeləşmənin ilk dövrlərində siqaretin geniş yayılmasının qarşısını almaq mümkün olmadı. O dövrdə nə bu qədər elmi bilik, nə qlobal kommunikasiya, nə də ictimai məsuliyyət mexanizmləri mövcud idi. Amma bu gün biz tamam fərqli bir mərhələdəyik. Bu gün biz riskləri əvvəlcədən görürük və onları vaxtında idarə etmək imkanına sahibik.
Əlbəttə, qlobal tütün sənayesi qarşısında heç bir ölkə təkbaşına bütün problemləri birdəfəlik həll edə bilməz. Lakin bu o demək deyil ki, dövlətlər passiv qalmalıdır. Əksinə, erkən mərhələdə, xüsusilə gəncləri, konkret desək məktəb yaşlı uşaqları hədəf alan, qoxusuz və aldadıcı təsir yaradan ömürlük asılılıq yaradan elektron siqaretlərə qarşı prinsipial mövqe nümayiş etdirilməlidir.
Bu gün əlimizdə olan biliklər və datalar bizi yeni yaranan risklərə qarşı daha çevik, daha qətiyyətli və daha məsuliyyətli qərarlar verməyə məcbur edir.
Bu artıq fərdi seçim məsələsi deyil, bu nə də iqtisadi azadlıq məsələsi deyil.
Bu, gələcək nəsillərin sağlamlığı ilə bağlı dövlət məsuliyyətidir. Bu yolda atılan hər bir addıma cəmiyyətin hər bir fərdinin həssas yanaşmasını xahiş edir, həmkarlarımı bu qanun layihəsinin dəstəkləməyə çağırıram.
Rəşad Mahmudov
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini