Gəncədə dəhşət: Ana uşağını imkansız ailəyə verib yoxa çıxdı -VİDEO

Gəncədə qadın körpəsini başqasına verərək, “uşağa bax, pulunu verəcəyəm” deyib və bundan sonra yoxa çıxıb.

Bu barədə  məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qeyd edib ki, problem “Səni axtarıram” proqramında yayımlanıb.

O bildirib ki, uşaq proqram əməkdaşları tərəfindən efirə gətirilib və balacanın anası axtarılır. 

K.Ağazadə proqram boyu daha dəhşətli iddiaların ortaya çıxdığını da deyib:

“Ən acınacaqlı hallardan biri gələn zənglər arasında axtarılan “ananın” bu uşaqdan başqa daha 2 uşağının olduğu, onlara da nənə-babanın baxdığıdır. Körpəni aktlaşdırıb Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətirdik. Dərhal həkim dəvət etdik. İlkin müalicələr yazılıb. Uşağın anası Əliyeva Nərgiz Cumalı qızıdır. Belə anaya uşaq verilməməlidir! Səbəbi nə olursa olsun! Daha bir arzuolunmaz uşaq, daha bir sevgisiz uşaq. Biz onu sevgi ilə böyüdəcəyik.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti də məlumatlıdır. Yasamal Rayon Polis Şöbəsinin 28-ci Polis Bölməsinə məlumat verilsə də, aktlaşdırmaq üçün ARB kanalına gəlməkdən imtina edildi”.

K.Ağazadə onu qeyd edib ki, ana uşağı verəndə özünü hakim köməkçisi kimi təqdim edib və pulunu verəcəyini deyib:

“Aprelin 11-dən uşağı verib və daha yaxın durmayıb. Bu halların qarşısını almaq üçün bu “anaları” tapıb səhvlərini üzlərinə vurmaq lazımdır. Hətta alimentin alınması məsələsinə də baxılmalıdır. Bəlkə, o zaman bütün bu problemlər azalar. Dünəndən artıq uşaq bizim yanımızdadır”.(oxu.az)