Gənclər şəhid ailələrini ziyarət ediblər

Naxçıvan Gənclər və İdman Nazirliyi, Naxçıvan Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Şərur rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları şəhidlərimiz –mayor Vəliyev Vüsal İslam oğlu və leytenant Əbilov Kamal Vidadi oğlunun ailə üzvləri ilə görüşüb, qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar. İştirakçılar şəhidlərimizin xatirə guşəsi, təltif edildikləri orden və medallarla tanış olublar. Ailə üzvləri önların özünəməxsus xüsusiyyətləri, fəaliyyəti ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər.

Gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə dövlət-xalq-ordu birliyinin parlaq təcəssümüdür. Sözsüz ki, zəfər yolunda gözünü qırpmadan döyüşə atılan gənc nəsli də xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi muxtar respublikada ordu quruculuğuna xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu yüksək hazırlıqlı, peşəkar zabit və əsgər heyəti ilə hərb tarixinə qızıl hərflərlə yazılan uğurlu döyüş əməliyyatları keçirdilər. Bildirilib ki, qəhrəman övladların – şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu hər vətəndaşa, xüsusilə də gənclərimizə örnəkdir. Belə tədbirlərin təşkil olunması məqsədi həm şəhidlərimizin ruhuna ehtiram, ailələrinin yanında olmaq, onlara mənəvi dəstək göstərmək, həm də gənclərimizin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır.

Görüşlərin ardından şəhid məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub.