“Gömrük güzəştləri Azərbaycanda avtomobil parkının yenilənməsində mühüm rol oynayacaq” - Hafiz Əzəmmədov

“Buraxılış ili 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalına qoyulan qadağanın müsbət nəticələri özünü göstərməkdədir. İnsanların sağlamlığının və ətraf mühitin qorunması məqsədi daşıyan bu addım zaman keçdikcə öz bəhrəsini daha çox verəcək. Azərbaycan hökuməti 2030-cu ilə qədər avtomobil parkının ən azı 40 faizini müasirləşdirməyi hədəfləyir. Bu məqsədlə yeni nəsil ekoloji təhlükəsiz avtomobillərə vergi-gömrük güzəştləri tətbiq olunub. Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərriki ilə işləyən minik avtomobillərinin idxal-gömrük rüsum dərəcəsi 0%-ə endirilib. Bu güzəştlərin nəticəsində ölkəmizdə müasir, ekoloji cəhətdən təhlükəsiz avtomobillərin sayı artacaq, köhnə avtomobillər isə tədricən sıradan çıxacaqdır. Azərbaycana daha çox ikinci və ya üçüncü əl, suda batmış, qəzaya uğramış avtomobillərin gətirilməsi mövcud iqtisadi inkişaf tempi ilə səsləşmir və üstəlik şəhərimizin estetik görünüşünü korlayır. Dünyadakı nəqliyyat sektorlarındakı müasir texnoloji yeniliklərin Azərbaycanda da tətbiq olunması vacibdir”.

Bunu bizimlə söhbətində Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədr müavini Hafiz Əzəmmədov bildirib.

Onun sözlərinə görə, ekoloji cəhətdən təmiz, elektrik mühərriki ilə işləyən avtomobilləri üçün vergi-gömrük güzəştlərinin tətbiq edilməsi nəticəsində ölkəmizə müasir tipli avtomobillərin idxalı artıb: “Plana əsasən, qarşıdakı illərdə buraxlış ili 10 ildən də aşağıya endiriləcək. Əvəzində elektriklə işləyən və hibrid avtomobillərin daha sərfəli və əlçatan idxalına şərait yaradılacaq. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da ölkədə “Avro-5”, “Avro-6” standartlarına cavab verən maşınlara xüsusi üstünlük verilməsi və onların idxalında vergi və gömrük rüsumlarının azad olunması nəzərdə tutulub. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkəmizdə 1,4 milyona yaxın minik avtomobili mövcuddur. Onun təxminən 1,3 milyonu şəxsi minik avtomobilləridir. Hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı 135-dir ki, onun da 118-i köhnədir. Təbii ki, bu rəqəm bizim hər birimizi narahat edir. Çünki ölkəmizdə baş verən qəza hallarının böyük əksəriyyəti məhz texniki nasazlıq üzündən baş verir ki, burada köhnə olan avtomobillərin payı yüksəkdir. Digər tərəfdən, Bakı şəhərinin çirklənməsində ən birinci amil məhz avtomobillərin ətraf mühitə buraxdığı zərərli maddələrdir. Son 3 ildə Azərbaycanda ekoloji tələblərə cavab vermədiyi üçün istifadəsi qadağan edilmiş nəqliyyat vasitələrinin sayı azı 3 dəfə artıb. Ekoloqların hesablamasına görə, ölkədə atmosferə atılan zərərli qazların 80 faizə qədəri nəqliyyat vasitələrinin payına düşür. Azərbaycanın da qoşulduğu Paris İqlim Sazişinin tələblərinə əsasən ölkəmiz 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaltmalıdır. Bunun üçün köhnə avtomobillər istismardan yığışdırılmalı və ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi artırılmasıdır. Qeyd etdiyimiz kimi, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biridir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Bakıda keçirilməsi də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir.Buna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Milli hədəfimizə çatmağın yollarından biri şübhəsiz ki, ölkənin nəqliyyat parkının yenilənməsi, ekoloji cəhətdən təmiz avtomobillərin sayının artırılmasına nail olmaqdır”.

Ekspert əlavə etdi ki, aparılan vergi və gömrük islahatları nəticəsində ölkəmizə gətirilən avtomobillərin dəyərində müsbət dinamikə müşahidə olunur. 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi idxal edilib. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə artıb.

H.Əzəmmədov onu da bildirdi ki, hökumətin hibrid və ekoloji təmiz nəqliyyat vasitələrinin idxalı və satışının gömrük və vergi güzəştləri ilə bağlı siyasəti minik avtomobillərinin satış qiymətlərinə müsbət təsir göstərib: “Bu həm də avtomobillərin sığortalanması sahəsindəki problemlərin həllinə də töhfə verib. Sığorta şirkətləri risk qrupuna daxil olduğu üçün köhnə istehsal ilinə malik avtomobilləri sığortalamaqda maraqlı olmurlar. Şirkətlər istehsal ili 2013-cü ildən bəri olan avtomobillərin sığorta olunmasına üstünlük verirlər. Beləliklə, Nazirlər Kabinetinin mövcud qərarı qəbul etməsində başlıca məqsədlər insanların həyat və təhlükəsizliyinin qoruması və qəza təhlükəsi riski yaradan avtomobillərin tədricən yeni nəsil maşınlarla əvəz edilməsi, ekoloji mühitə dəyən zərərlərin azaldılması və vətəndaşların daha sağlam ətraf mühitlə təmin olunması, ekosistemin yaxşılaşdırılmasından ibarətdir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” modelində də avtomobil parkının yenilənməsinin şərtləri aydın şəkildə göstərilib. Söhbət ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə mühərrikinin həcmi 2500 kubsantimetrədək olan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsindən gedir. Bunun nəticəsində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin edilməsi və zəruri infrastrukturun yaradılması nəzərdə tutulub. Gömrük Komitəsi bu istiqamətdə təhlillər apararaq yaxın illərdə maşın parkının daha da gəncləşdirilməsi üçün istehsal tarixi 3 ildən və mühərrikin həcmi 2 500 kubsantimetrdən çox olan hibrid avtomobillərin idxalına əlavə güzəştlərin olunmasını istisna etmir. Belə ki, 3 il güzəşt müddətinin daha da artırılması, ƏDV, idxal və satışlar üzrə rüsumların əhatəsinin genişləndirilməsi nəzərdən keçiriləcək”.