Göydəniz Qəhrəmanov: "Bakının 2026-cı il üzrə “Dünya İdman Paytaxtı” elan olunması mühüm hadisədir"

Bakının 2026-cı il üzrə “Dünya İdman Paytaxtı” elan olunması Azərbaycan üçün təkcə idman sahəsində deyil, eyni zamanda beynəlxalq nüfuz, şəhər diplomatiyası və dayanıqlı inkişaf baxımından mühüm hadisədir. Bu titulun rəsmi olaraq Monakodan Bakıya təhvil verilməsi ölkəmizin apardığı məqsədyönlü idman və gənclər siyasətinin məntiqi nəticəsidir.

Bu status bir daha sübut edir ki, Azərbaycan yalnız regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş, böyük beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili qabiliyyətinə malik ölkə kimi tanınır. Bakı artıq Formula 1, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları, MDB oyunları, dünya və Avropa çempionatları kimi nüfuzlu idman tədbirlərinə uğurla ev sahibliyi etməklə bu etimadı təsdiqləyib.

“Dünya İdman Paytaxtı” titulu eyni zamanda ictimai sağlamlıq, kütləvi idmanın inkişafı və gənclərin aktiv həyat tərzinə təşviqi baxımından yeni imkanlar açır. Bu status Bakının idman şəhəri kimi brendləşməsini gücləndirməklə yanaşı, turizm, xidmət sektoru və beynəlxalq investisiya mühitinə də müsbət təsir göstərəcək.

Xüsusilə qeyd etmək lazımdır ki, bu qərar Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası (ACES) kimi nüfuzlu beynəlxalq qurum tərəfindən verilib. Bu isə Azərbaycanın idman sahəsində apardığı siyasətin obyektiv və beynəlxalq meyarlar əsasında yüksək qiymətləndirildiyini göstərir.

Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və ardıcıl dövlət siyasəti həlledici rol oynayır. Dövlətin idman sahəsinə sistemli yanaşması, müasir idman infrastrukturlarının yaradılması, regionlarda idmanın inkişafı və gənclərin sağlam böyüməsi üçün görülən işlər bu uğurun əsas sütunlarını təşkil edir.

Əminliklə demək olar ki, Bakı 2026-cı ildə bu məsuliyyətli missiyanı da yüksək səviyyədə yerinə yetirəcək, Azərbaycanı dünya idman ailəsində daha güclü mövqedə təmsil edəcək. Bu titul yalnız bugünün nailiyyəti deyil, gələcək nəsillər üçün formalaşdırılan sağlam, fəal və beynəlxalq düşüncəli cəmiyyətin əsasına çevriləcək.

Göydəniz Qəhrəmanov
Milli Məclisin deputatı