“Məlum olduğu kimi, bu gün Zəngəzur dəhlizi layihəsi artıq qlobal müzkirələr müstəvisində də təkcə nəqliyyat infrastrukturu deyil, eyni zamanda regional geosiyasi arxitekturanı dəyişən strateji layihə kimi qiymətləndirilir. İkinci Qarabağ müharibəsindən dərhal sonra bu istiqamətdə atılan addımlar Azərbaycanın qətiyyətli mövqeyini və uzunmüddətli planlamaya əsaslanan siyasətini ortaya qoydu. Təsadüfi deyil ki, bu mövzu Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə də xüsusi yer tutub. Məsələnin beynəlxalq müstəvidə, o cümlədən ABŞ-ın iştirakı ilə həllini tapması Zəngəzur dəhlizini artıq mübahisə predmeti deyil, reallaşması qaçılmaz olan regional bağlantı xətti kimi gündəmə gətirdi. Bu dəhliz Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın tranzit imkanlarını daha da genişləndirir, region ölkələri arasında iqtisadi əməkdaşlığı gücləndirir və Cənubi Qafqazda dayanıqlı sülhün maddi əsaslarını formalaşdırır. Hazırda işğaldan azad edilmiş ərazilərin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi Azərbaycanın siyasi və mənəvi üstünlüyünün simvoludur. Xankəndidə ECO Zirvə Görüşünün, Şuşa, Laçın və Ağdamda beynəlxalq forumların təşkili göstərir ki, azad edilmiş torpaqlar artıq sabitlik, əməkdaşlıq və inkişaf platforması kimi çıxış edir. Mövcud infrastrukturun qısa müddətdə yaradılması, yüksək səviyyəli qonaqların qəbul edilməsi Azərbaycanın postmünaqişə dövrünü necə səmərəli idarə etdiyini nümayiş etdirir və ölkənin regional liderlik mövqeyini daha da möhkəmləndirir.”
Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat Prezident İlham Əliyevin Azərbaycanın turizm sahəsində
atılan addımlar barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini diqqət mərkəzinə çəkib: “Qlobal miqyasda artan risklər, münaqişələr və qeyri-sabitlik fonunda ölkənin təhlükəsiz məkan kimi qəbul edilməsi uzun illər ərzində aparılan ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir. Coğrafi baxımdan Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycan bu strateji mövqeyini təkcə tranzit və logistika üstünlüyü kimi deyil, eyni zamanda mədəniyyətlərarası dialoq və turizm potensialı kimi dəyərləndirir. Zəngin tarixi irs, doqquz iqlimi, təbiətin nadir müxtəlifliyi və inkişaf etmiş infrastruktur ölkəni fərqli turizm istiqamətlərinin unikal sintez nöqtəsinə çevirir. Paytaxt Bakı ilə yanaşı regionların da cazibədar turizm məkanları kimi formalaşması dövlətin balanslı regional inkişaf siyasətinin göstəricisidir. Qonaqpərvər, açıq və tolerant cəmiyyət mühiti isə Azərbaycana səfər edən turistlərin bu ölkəni öz evi kimi qəbul etməsində həlledici rol oynayır. Cənab Prezident İlham Əliyevin müsahibəsində vurğulanan sosial-psixoloji mühit, insanların gülərüzlülüyü və cəmiyyətdə hökm sürən müsbət əhvali-ruhiyyə ölkənin turizm brendinin əsas dayaqlarından biri kimi çıxış edir. Müasir turizmdə təhlükəsizlik və infrastrukturla yanaşı, insan faktoru da həlledici əhəmiyyət daşıyır və bu baxımdan Azərbaycan mühüm üstünlüklərə malikdir. Beynəlxalq miqyaslı tədbirlərin, xüsusilə Formula 1 yarışlarının uzun illərdir uğurla təşkili ölkənin qlobal tanıtımına ciddi töhfə verir. Yarım milyarddan artıq auditoriyanı əhatə edən bu tədbirlər Azərbaycanın müasir, açıq və dinamik ölkə imicini dahada möhkəmləndirir. Ölkəmizə turist axınının ilbəil artması göstərir ki, bu sahədə seçilmiş strategiya son dərəcə uğurlu və effektivdir. Bununla yanaşı, dövlət tərəfindən beynəlxalq tədbirlərin təşkili, mədəni və idman layihələrinin genişləndirilməsi turizmin yalnız mövsümi deyil, ilboyu davam edən sahəyə çevrilməsinə xidmət edir. Bu yanaşma turizmi iqtisadiyyatın mühüm və dayanıqlı seqmentlərindən biri kimi möhkəmləndirir. Qış və yay turizminin paralel inkişafı isə Azərbaycanın nadir üstünlüklərindən biridir. Şahdağda keçiriləcək Xizəksürmə üzrə dünya çempionatı ölkənin beynəlxalq idman-turizm xəritəsində mövqeyini daha da gücləndirir və Azərbaycanı cənub ölkəsi olmasına baxmayaraq qış turizmi mərkəzi kimi tanıdır. Eyni zamanda, Xəzər sahilində həyata keçirilən “Sea Breeze” kimi irimiqyaslı layihələr müasir turizm anlayışının yeni modelini formalaşdırır. Qarabağ və Zəngəzurun turizm məkanına çevrilməsi isə postmünaqişə dövrünün ən mühüm sosial-iqtisadi istiqamətlərindən biridir. Şuşa, Laçın, Zəngilan, Kəlbəcər, Xankəndidə gurulan turizm infrastrukturu bu bölgələrin dirçəlişinin real göstəricisidir. Aviasiya sahəsində aparılan islahatlar, uçuş coğrafiyasının genişlənməsi və büdcəli hava şirkətlərinin fəaliyyətə başlaması turizm axınının artmasına əlavə stimul yaradır. Bütün bu amillər onu göstərir ki, yaxın perspektivdə turist sayının 5–6 milyona çatdırılması real və əsaslandırılmış hədəfdir və Azərbaycan bu məqsədə çatmaq üçün kifayət qədər güclü potensiala malikdir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.