2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 13-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Quba rayonunun Püstəqasım və Çiçi kəndlərində seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov YAP-ın parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq vurğulayıb ki, öz gücünü xalqın dəstəyindən alan partiya davamlı olaraq böyük uğurlara imza atır.
Sonra çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları haqda danışıb.
Namizəd vurğulayıb ki, YAP yarandığı gündən əsas məramı Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasətin Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsindən ibarət olub. Ötən illərə nəzər saldıqda əminliklə demək olar ki, partiya öz proqram məqsədlərinə uyğun uğurlu fəaliyyət göstərib.
M.Məmmədli ona göstərilən etimada görə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, şəxsən partiyanın Sədri, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Sonda çıxış edən rayon ziyalıları Musaqulu Mustafayev, Rəşid İskəndərov, Şahlar Əliyev, Çiçi kəndində seçicilər adından Maqsud Babayev, İlham Əliyev, Rəşid Məmmədov uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Qeyd edək ki, namizəd həmin gün Vətən müharibəsi şəhidləri Tahir İdris oğlu Talıbovun, Tamerlan İqrar oğlu Əliyevin, Tamerlan Cavad oğlu Səfərovun, antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalmış Emral Vüqar oğlu Həsənovun ailələrini ziyarət edib.