Ana Vətən Partiyasının sədri, millət vəkili Günay Ağamalı SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsibdə yeni sədr kimi həyata keçirəcəyi işlərdən danışıb. Müsahibəni təqdim edirik:
-Günay xanım, ilk öncə sizi Ana Vətən Partiyasının sədri seçilməyiniz münasibətilə təbrik edirik. Uzun illər Fəzail Ağamalının rəhbərlik etdiyi siyasi partiyanın sizin rəhbərliyiniz dövründə siyasi xəttində hansı dəyişikliklər gözlənilir?
– Təşəkkür edirəm təbrikiniz üçün. İlk növbədə onu qeyd etməliyəm ki, Ana Vətən Partiyasının ideoloji təməli, dövlətçilik fəlsəfəsi və milli mövqeyi formalaşıb və bu xəttin əsas müəllifi hörmətli Fəzail müəllimdir. Mənim rəhbərliyim dövründə bu ideoloji xətt dəyişməz olaraq qalır. Yəni biz milli maraqlara, dövlətçilik dəyərlərinə söykənən siyasi mövqeyi qorumaqla daha çevik və daha dinamik siyasi fəaliyyət modelinə keçməyi qarşıya məqsəd qoyuruq.
– Yeni sədr kimi konkret hədəfləriniz nədən ibarətdir?
– Mənim üçün əsas hədəf Ana Vətən Partiyasını cəmiyyətlə daha yaxın, daha canlı təmasda olan siyasi institut kimi gücləndirməkdir. Gənclərin partiya sıralarına qoşulması, nizam-intizamın gücləndirilməsi və kadr potensialının yenilənməsi əsas hədəflərimizdəndir.
– Cəmiyyətdə siyasi partiyalara marağın azaldığı müşahidə olunur. Siz AVP sıralarının genişləndirilməsi istiqamətində hansı addımları atmağı düşünürsünüz?
– Bu, təkcə Ana Vətən Partiyasının deyil, ümumilikdə siyasi sistemin qarşısında duran çağırışdır. Gənclərin, qadınların, ictimai fəalların partiya fəaliyyətinə cəlb edilməsi, təşəbbüslər bizim üçün əsas olacaq. Partiya cəmiyyət üçün açıq platforma olmalıdır.
– Bir sıra seçkilərdə partiyalar koalisiya formatında çıxış edir. Bu baxımdan Ana Vətən Partiyasına daha yaxın siyasi partiya hansıdır?
– Ana Vətən Partiyası hər zaman milli maraqları əsas götürən siyasi qüvvələrlə əməkdaşlığa açıq olub. Bizim üçün əsas meyar dövlətçilik mövqeyidir. Milli maraqlara hörmət edən, radikalizmə yol verməyən, konstruktiv siyasi dialoqa hazır olan bütün siyasi qüvvələrlə əməkdaşlıq mümkündür. Konkret ad çəkməkdən daha çox, prinsipləri önə çəkməyi doğru hesab edirəm. Çünki siyasətdə əsas olan etibarlı mövqe və məsuliyyətli davranışdır.
– Sonda ictimaiyyətə mesajınız nədir?
– Ana Vətən Partiyası ölkəmizin siyasi tarixinin bir hissəsidir və bu məsuliyyətlə yoluna davam edir. İnanıram ki, siyasi fəaliyyətimiz cəmiyyətdə bizə olan etimadı daha da möhkəmləndirəcək və getdiyimiz yolda mövqeyimizi gücləndirəcəkdir.