Heç bir kənar qüvvə Azərbaycanın yaratdığı siyasi reallıqları dəyişmək gücündə deyil - ŞƏRH

Son 20 ildə Azərbaycanın qət etdiyi yüksəliş yolu müxtəlif uğurlarla, qələbələrlə zəngindir. Həm sosial-iqtisadi, həm daxili və xarici siyasət, həm də hərbi müstəvilərdə aparılan düşünülmüş islahatlar dövlətimizin güclənməsi, xalqımızın yaşam tərzinin yaxşılaşması ilə nəticələnib. Ölkəmizlə eyni vaxtda müstəqillik əldə etmiş dövlətlərin bu gün yaşadıqları böhranlar, problemlər fonunda Azərbaycanda müşahidə olunan dinamik inkişafın sirləri bir çox beyin mərkəzlərini, siyasi, iqtisadi ekspertləri təəccübləndirməkdədir. Təbii ki, Azərbaycanın sabit inkişafının bünövrəsində Ulu Öndər Heydər Əliyevin zəhməti, onun hazırlayıb qoymuş olduğu strateji proqramlar durur. 1993-2003-cü illərdə dövlətçiliyin əsas sütunları qorunub saxlanıldı, ölkədə vətəndaş cəmiyyəti yaradıldı. Xalqımız 2003-cü ildə təməli 1993-cü ildə qoyulmuş siyasətə dəstək verməklə növbəti dövr üçün təhlükəsizlik və inkişafını sığortalamış oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev söyləyib.

Son 20 ildə əldə olunan uğurlar göz qabağında olduğunu bildirən deputat deyib: “Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən Müharibəsində öz sözünü dedi, gücünü göstərdi. O cümlədən, lokal antiterror tədbirləri zamanı da hərbçilərimiz böyük qəhrəmanlıq göstərdilər. 2023-cü il 20 sentyabrda əldə olunan parlaq qələbədən sonra Azərbaycan tarixində yeni dövr başladı. Azərbaycanın son 200 illik tarixində buna bənzər Zəfər olmayıb. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, bu, Azərbaycan xalqının, ölkəmizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcıdır. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri bütün digər seçkilərdən mahiyyət etibarı ilə fərqlənir. Bütün ərazilərdə keçiriləcək birinci seçkilər məhz prezident seçkiləri olmalıdır”.

Vurğulayıb ki, Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir sıra siyasi həqiqətləri, reallıqları xalqa açıqladı. Üç saata yaxın davam edən və 20-dək istiqamət üzrə sualların cavablandırıldığı müsahibədə Prezident real siyasi mənzərənin konturlarını çox böyük peşəkarcasına cızdı. O qeyd etdi ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Azərbaycanın gücü cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Bu Qələbə şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Yetəri qədər silahın ola bilər, yetəri qədər ordun peşəkar təlimlərdə ola bilər, lakin əgər ruh yoxdursa, heç bir təpəni də götürə bilmərsən.

“Prezident İlham Əliyev müsahibəsində ölkəmizə qarşı düşmənçilik siyasəti həyata keçirən, təxribatlar törədən və qərəzli mövqe tutan dövlətlərə, əsasən də Ermənistan və ona havadarlıq edən Fransaya vacib mesajlar ünvanladı. Hər ötən gün bir daha əmin oluruq ki, 2003-cü ildə xalqımız ölkəmizin gələcək inkişafı, müstəqil Azərbaycanın güclü dövlətə çevrilməsi üçün düzgün seçim edərək İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu gün İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti regionda elə bir siyasi reallıq yaradıb ki, xarici dövlətlər bununla barışmaq zorundadırlar. Bu reallıqları Bakının iradəsindən kənar dəyişmək qeyri-mümkündür. Siyasi müşahidələr də göstərir ki, ölkədə və Cənubi Qafqazda cərəyan edən bütün iqtisadi və siyasi proseslər Bakıdan idarə olunur. Bu gün yerləşdiyimiz regionun taleyi bizdən asılıdır. Dünyanın inkişaf etmiş ölkələri Cənubi Qafqaz üzrə siyasətlərini Azərbaycanla razılaşdırırlar. Ölkəmiz Şərqlə Qərb arasındakı meqa-layihələrinin həmmüəllifi qismində çıxış edir. Heç bir kənar siyasi qüvvə iradəmizə zidd olan planlarını regionda həyata keçirə və bizə qəbul etdirə bilməz. Təbii ki, bu reallıqları Azərbaycanın müdrik Prezidenti İlham Əliyev yaradıb”, - deyə Cəbi Quliyev qeyd edib.