Hemofiliya və digər genetik xəstəliklərə həsr edilmiş elmi-praktik konfrans

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə hemofiliya və digər qeyri-infeksion genetik xəstəliklərə həsr edilmiş elmi–praktik konfrans keçirilib.

Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, TƏBİB-in Tibbi fəaliyyətinin təşkili departamentinin müdiri Teymur Mirzəbəyli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov Konfransın giriş hissəsində hemofiliya və digər koaqulopatiyalı (qanın laxtalanma pozuntusu) vətəndaşlara dövlət qayğısı haqqında məlumat verib və perspektivləri qeyd ediblər.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynovun sədrliyi ilə konfransın çıxışçıları - genetiklər, hematoloqlar, pediatrlar, mama-ginekoloqlar tərəfindən hemofiliya və digər genetik qan xəstəliklərinin törətdiyi fəsadlar və Azərbaycanın Milli Genofondunun Sağlamlığının qorunmasına dair maraqlı mövzular müzakirə edilib.

AZƏRTAC bildirir ki, konfransın əsas mövzusu hemofiliya və digər irsi qan xəstəlikləri olduğu üçün hemofiliyanın statistikası, müasir müalicəsi haqqında Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri hematoloq Naida Hüseynzadə və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Pediatrik hematologiya şöbəsinin müdiri Sevil Cəlilova məlumat veriblər, həkim-genetik Ağa Rza Ağayev irsi xəstəliklərin səbəbi barədə elmi əsaslara söykənərək konfrans iştirakçılarını geniş məlumatlandırıb və sağlam uşaqların doğulması üçün profilaktik tədbirlərin vacibliyi barədə Mərkəzi Klinikanın Mama-ginekologiya və İVF şöbəsinin müdiri mama-ginekoloq Mahirə İsmayılova və Hemofiliya və digər genetik xəstəliklərin aradan qaldırılmasında köməkçi reproduktiv texnologiyaların rolu və Hamiləlikdə koaqolopatiyalar EGE Hospital Qadın xəstəlikləri və doğum uzmanı İlhamə Eldarova Azərbaycanda ilk dəfə olaraq bu mövzuları müzakirəyə çıxarıblar.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Tural Qulu və Şirvan şəhər xəstəxanasının Xəstə xidmətləri şöbəsinin müdiri Təranə Cəlilova Bakı şəhərindən başqa Azərbaycanın digər bölgələrində hər hansı fövqəladə hallar baş verdikdə, məsələn COVID-19, müharibələr zamanı tibbi xidmətin təşkili və əlçatanlığının vacibliyi haqqında və statistik məlumatları təqdim ediblər.

Qeyd edək ki, Azərbaycanda qeyri-infeksion genetik qan xəstələrinin təxmini sayı əhalinin 0,0003 faizini təşkil edir və müalicələri Dövlət proqramları çərçivəsində həyata keçirilir.