HƏRRACLARDAN DÖVLƏT BÜDCƏSİNƏ DAXİL OLAN VƏSAİTLƏR ARTIB

"İstənilən vətəndaş hərraca rahat şəkildə məhdudiyyətsiz qatılmaq və prosesi izləmək imkanına sahibdir”


Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 21-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib. Budəfəki hərracda ümumilikdə 16 dövlət əmlakı olmaqla 2 səhmdar cəmiyyəti, 1 nəqliyyat vasitəsi və 13 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayından açıq hərraclar vasitəsilə dövlət əmlakının özəlləşdirilməsi prosesi həyata keçirilir. Hər həftə demək olar ki, hərrac olacağı ilə bağlı mətbuatda məlumatlar gedir.

Dövlət əmlakının özəlləşdirilməsinin kifayət qədər aktual və əhəmiyyətli məsələ olduğunu vurğulayan Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Ramil Osmanlı "Şərq”ə açıqlamasında dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan vəsaitlərin həcminin artıq hissolunacaq dərəcədə artdığını deyib.Eyni zamanda, məşğulluq baxımından da dövlət əmlakının özəlləşdirilməsinin təqdirəlayiq hal olduğunu vurğulayan R.Osmanlının sözlərinə görə, uzun illərdən bəri fəaliyyətsiz qalan ayrı-ayrı obyektlərin özəlləşmədən sonra fəaliyyəti bərpa olunacaq və işlək vəziyyətə gətiriləcək:

"Özəlləşdirilən obyektlər müəssisə olaraq fəaliyyət göstərəcəyi halda işçilərin qəbulu baxımından əlavə imkanlar yaradacaq. Sadəcə kommersiya obyekti olaraq fəaliyyət göstərəcəyi halda isə 2-3 hüquqi şəxsin işlə təmin olunmasına rəvac verəcək. Bu isə istənilən halda təqdirəlayiq haldır”.

Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri hesab edir ki, dövlət əmlakının özəlləşdirilməsi ayrı-ayrı sahələrin inkişafına da töhfə verə bilər. Bu isə daha çox özəlləşən müəssisələrin fəaliyyəti ilə bağlı səhmdarların fəallığından asılı olacaq:

"Özəlləşdirməyə maraq göstərən səhmdarlar aldıqları obyektləri ya öz profilləri üzrə, ya da başqa bir profil üzrə fəaliyyətini davam etdirə bilərlər. İstənilən halda bu addım Azərbaycanda uzun müddət fəaliyyətsiz qalan müəssisələrin iş prosesinin bərpa olunmasına gətirib çıxaracaq”. İqtisadi səmərəlilik baxımından da özəlləşdirmənin vacib məsələ olduğunu vurğulayan R.Osmanlı hesab edir ki, baxımsızlıq üzündən sıradan çıxmaq təhlükəsi altında qalan obyektlərin saxlanılması infrastrukturun bərpasına müsbət təsir göstərəcək.

Hərracların açıq və şəffaf şəkildə həyata keçirildiyini deyən AQC İdarə Heyəti sədrinin bildirdiyinə görə, istənilən vətəndaş raca rahat şəkildə məhdudiyyətsiz qatıla bilir: "Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bununla bağlı sentyabr ayından bu yana ayrıca informasiya təminatı həyata keçirir və media vasitəsilə ictimaiyyətə müvafiq məlumatlar ötürür. Özəlləşdirməyə çıxarılan bütün obyektlər barədə, onların iqtisadi göstəriciləri, maliyyə göstəriciləri, ünvanı, sahəsi, hərrac qiymətləri, eləcə də fotoşəkilləri komitənin "privatization.az” saytında yerləşdirilir. Hərrac vasitəsi ilə əmlak almaq istəyən istənilən şəxs bu sayta daxil olub obyektlər barədə məlumat əldə edə bilərlər. Eyni zamanda, media nümayəndələri və ictimaiyyət üzvləri üçün hərraclar açıqdır. İstənilən vətəndaş hərraca rahat şəkildə məhdudiyyətsiz qatılmaq və prosesi izləmək imkanına sahibdir”.

Hərrac prosesində xırda nöqsanların olduğunu istisna etməyən R.Osmanlının sözlərinə görə, iş görülən yerdə mütləq səhv olmalıdır:

"Amma ötən illərdə keçirilən hərraclarla müqayisədə artıq hərrac prosesində şəffaflıq və obyektivlik tam təmin olunub. Bu irəliləyiş özünü özəlləşdirilən obyektlərin qiymətlərində də göstərir. Əvvəllər dövlət əmlakları sadəcə normativ qiymətlər əsasında özlləşdirilirdisə, indi hər bir obyekt bazar qiymətlərinə uyğunlaşdırılır və hərraca çıxarılır”.

Şəymən