Heydər Əliyev və Azərbaycanda müasir dövlət idarəçiliyi

Azərbaycanda demokratik prinsiplərə söykənən, milli maraqların təmin olunmasına yönəldilmiş, sosial ədalətin təmin olunmasını əsas tutan dövlət idarəetmə sisteminin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, Ulu Öndər Heydər Əliyevin ali siyasi hakimiyyətə gəlməsilə səmərəli dövlət idarəçiliyinin bütün zəruri əsaslarının formalaşdırılmasına xidmət edəcək təsirli addımlar atılıb. Bu mənada dövlət idarəçiliyinin normativ-hüquqi bazasının yaradılması səmərəli islahatların baza prinsipi kimi nəzərdə tutulurdu. Bunu zəruri edən başlıca amil ondan ibarət idi ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi və davamlı inkişafın təmin olunması dövlət idarəçiliyində sistemli şəkildə islahatların həyata keçirilməsi vacibdir. Məhz bu reallıqdan çıxış edərək Heydər Əliyev davamlı olaraq dövlət idarəçiliyi sistemində inzibati islahatların həyata keçirilməsini daim öz diqqətində saxlayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, Azərbaycanda dövlət idarəçiliyi sisteminin formalaşmasına 1995-ci ildə Konstitusiyanın qəbul olunması ilə start verilib. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə “Hüquqi İslahatlar Komissiyası” təşkil olunub və komissiyanın qarşısında mühüm vəzifələr qoyulub. Bununla da yenicə öz müstəqilliyinə qovuşmuş dövlətin öz qanunvericilik bazasının yaradılması və inkişafı prosesi başlayıb. Başlıca vəzifə isə ondan ibarət idi ki, müasir tələblərə cavab verən dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılması istiqamətində addımlar atılsın. Bu zaman qabaqcıl ölkələrin təcrübələrinin öyrənilməsi vacib əhəmiyyət kəsb edirdi.

“Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçilik sisteminin formalaşdırılması və sonrakı təkmilləşdirilməsi prosesi ilə bağlı əsas baxışları ondan ibarət idi ki, Azərbaycanda demokratik prinsiplərin tam oturuşmasını, vətəndaş cəmiyyətinin dinamik inkişaf etdirilməsini şərtləndirəcək təsirli addımlar atılsın. Dövlət-vətəndaş cəmiyyəti dialoqu kontekstində daha uğurlu dövlət idarəçiliyi sisteminin qurulmasının olduqca düzgün yanaşma olduğunu həm zaman təsdiq etdi, həm də mövcud dünya təcrübəsi sübut edirdi. Çünki dövlət idarəçiliyinin səmərəliliyinin başlıca meyarı vətəndaşların münasibətindən ibarətdir. Vətəndaş məhz vətəndaş cəmiyyəti institutları vasitəsilə öz istək və baxışlarını hakimiyyət orqanlarının diqqətinə çatdıra bilir. Bu zaman dövlət cəmiyyətdən gələn impulslara uyğun addımlar atmaqla vətəndaşların gözləntilərini doğrultmuş olur. Beləliklə, vətəndaş məmnunluğu da təmin olunmuş olur. Deməli, artıq səmərəli dövlət idarəçiliyindən danışmaq üçün ciddi əsas yaranmış olur. Bu baxımdan, dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik olan Heydər Əliyev hər şeydən öncə vətəndaş amilini nəzərə alaraq, dövlət idarəçiliyi sistemində bu və ya digər islahatları həyata keçirirdi. Onun baxışları əsasında dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatlar milli inkişaf hədəflərimizə uyğun fəaliyyəti həyata keçirməyə imkan verəcək, Azərbaycanın hüquqi dövlət əsaslarını möhkəmləndirməyə xidmət edən ciddi qanunvericilik bazasının yaradılmasına əsaslanırdı. Yaxşı dünya təcrübəsindən geniş yararlanmaqla yanaşı, yeni hədəflərin tələblərinə uyğun dövlət idarəçiliyinin təkmilləşdirilməsi Azərbaycan Respublikasında çevik, səmərəli dövlət idarəçiliyi sisteminin qurulmasının ilkin şərtlərini təşkil edirdi”, - deyə E.Mirbəşiroğlu vurğulayıb.

Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, keyfiyyətli kadr bazası olmayan yerdə səmərəli dövlət idarəçiliyini təşkil etmək qeyri-mümkündür. Nəzərə almaq lazımdır ki, cəmiyyətdə və dünyada davamlı olaraq, siyasi, iqtisadi və mədəni dəyişikliklər getməkdədir. Müvafiq olaraq, dövlət idarəçiliyi sahəsində baxışların və uyğun qanunvericilik bazasının da yenilənməsi tələb olunur. Bu mənada, Azərbaycan Respublikasında həm dövlət idarəçiliyi, dövlət kadr siyasəti sahəsinə aid olan normativ hüquqi bazanın damalı olaraq dəyişikliyə və yeni çağırışlara uyğun olaraq yeniləndirilməsi diqqət mərkəzində olmuşdur.

Deputat diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi prosesində ən çox diqqət yetirdiyi məqamlardan biri də keyfiyyətli kadr hazırlığı məsələsi idi. Həqiqətən də, keyfiyyətli kadr bazasını formalaşdırmadan uğurlu dövlət idarəçiliyi sistemi qurmaq qeyri-mümkündür. Bu baxımdan, kadr hazırlığının uğurla həyata keçirilməsi istiqamətində bütün zəruri addımlar atılırdı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, hələ SSRİ-nin mövcudluğu dövründə Azərbaycan gəncləri Heydər Əliyev tərəfindən ittifaqın ən nüfuzlu ali məktəblərinə göndərilirdi. Yüksək bilik və bacarıqlara yiyələnən bu gənclər təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdaraq inkişafa ciddi töhfə verirdilər. Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə bu amilin çox təsirli rolu olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də bu tendensiya bu gün davam etdirilməkdədir. Qəbul edilmiş ardıcıl dövlət proqramları əsasında Azərbaycan gəncləri ölkənin əmək bazarının tələblərinə uyğun olaraq dünyanın müxtəlif universitetlərində təhsil alırlar. Heydər Əliyev Azərbaycanda da keyfiyyətli kadr hazırlığının təşkili məsələsinə xüsusi diqqət yetirirdi.

Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi prosesində innovasiyaların tətbiqinə də xüsusi diqqət yetirdiyini qeyd edən E.Mirbəşiroğlu bildirib ki, dövrün tələblərinə uyğun olaraq yeniliklərin dövlət idarəçiliyində tətbiq olunması və bu zaman vətəndaş məmnunluğunun təmin olunması prinsipinin əsas götürülməsi vətəndaş-dövlət münasibətlərinin də yeni xarakterini müəyyən etmişdir. Yeniliklərin tətbiq olunması vətəndaşlara təqdim olunan dövlət xidmətlərinin də keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasını şərtləndirib. Heydər Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində kadr və institusional islahatların həmişə paralel aparılmasına xüsusi diqqət yetirirdi. Yeni dövrün, yeni inkişaf hədəflərinin tələblərinə uyğun dövlət institutlarının yaradılması, təkrarlanan strukturlarının ləğv olunması dövlət idarəçiliyində ciddi keyfiyyət dəyişikliyini şərtləndirib. Yeni strukturlara uyğun kadrların hazırlanması tamamilə yeni bir idarəetmə sisteminin formalaşmasına gətirib çıxardı. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda müasir, təkmil dövlət idarəçiliyi sisteminin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev dövlət idarəçiliyi sahəsində sistemli şəkildə həyata keçirilən islahatların əhəmiyyətini xüsusi qeyd edirdi.

Deputat deyib ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyətdə demokratik prinsiplərin bərqərar olunması istiqamətində təsirli addımlar atıldı. Təbii ki, sözügedən istiqamətdə daha yaxşı nəticələrin alınması mütləq şəkildə qanunvericilik bazasının da yeni keyfiyyət mərhələsinə qaldırılmasını tələb edirdi. Ümummilli Lider Heydər Əliyev hər zaman qabaqcıl təcrübənin ölkəmizdə tətbiq edilməsinin tərəfdarı olub. Xüsusilə də dövlət idarəçiliyi sahəsində həm inzibati islahatların istiqamətlərini müəyyənləşdirəndə, həm də kadr siyasətinin konturlarını təyin edən zaman beynəlxalq qabaqcıl təcrübələrə istinad edib. Bunun üçün isə ölkənin beynəlxalq təmaslarının artırılmasının, beynəlxalq konvensiyalara fəal şəkildə qoşulmanın xüsusi əhəmiyyəti var idi. Dövlət qulluğunun və dövlət idarəçiliyinin təkmilləşdirilməsi prosesində atılan addımların hamılıqla qəbul edilən mütərəqqi standartlara uyğunlaşdırılması Azərbaycan Respublikasında çevik və səmərəli dövlət idarəçiliyi sisteminin formalaşdırılmasını şərtləndirən əsas amillərdən biri oldu.

Artıq qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasında dövlət qulluğu sistemində daim yenilənmələr aparılmaqdadır. Bu baxımdan, qeyd etmək olar ki, ölkəmizdə dövlət qulluğu sisteminin ölkə daxilində və xaricində gedən dəyişikliklərin tələblərinə uyğun olaraq təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir. Elə bunun özünü də Azərbaycanda dövlət qulluğunun müəyyən bir xüsusiyyəti kimi nəzərdən keçirmək mümkündür. Dövlət qulluğu sisteminin konseptual əsaslarının davamlı olaraq zənginləşdirilməsi onun təkmilləşdirilməsi prosesini daha səmərəli edir. Artıq qeyd etdiyimiz kimi, 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması ilə dövlət qulluğu sisteminin bütün məqamları əhatə olunmuş oldu. Belə ki, Qanun dövlət qulluğuna qəbuldan tutmuş, dövlət qulluqçularının vəzifə təsnifatlarını, hüquqlarını, kadr hazırlığı prosesi və sair kimi məqamları əhatə etmişdir.

“Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idarəçiliyi sistemi hazırkı mərhələdə Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməkdədir. Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, burada vətəndaşların maraqlarına və gözləntilərinə uyğun daha səmərəli fəaliyyət göstərmələrini şərtləndirəcək inzibati islahatların həyata keçirilməsi Prezident İlham Əliyevin daim birbaşa nəzarəti altındadır”, - deyən Elşad Mirbəşiroğlu fikirlərini yekunlaşdırıb.