Heydər Əliyevin gücü polad iradəsində və xalqın ona inamında idi

Heydər Əliyevin 100 illiyi və Milli Qurtuluşun 30 illiyi tədbirləri müasir parlamentarizm tarixinin ən parlaq hadisələri kimi yadda qalacaqdır. Əgər 30 il əvvəl bu salonda bir qrup vətənpərvər deputat Heydər Əliyevi sədaqətlə müdafiə edirdilərsə, digərləri özünü xilas etməyə görə, bəziləri də konyunktura naminə çıxış edirdilər. Bu gün isə Ulu Öndər mövzusunda Azərbaycan parlamentinin vahid dövlətçilik mövqeyindən çıxış etməsi həm də müasir dövlət quruculuğumuzun uğurudur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iyunun 14-də keçirilən xüsusi iclasında deyib.

O bildirib ki, 1993-cü ilin Qurtuluş günü Heydər Əliyevin Bakıya siyasi rəhbərliyə qayıdışı idi. Amma Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı hələ 1990-cı ilin yayında baş tutduğundan qurtuluş gününə dövlət quruculuğu baxımından məhz o tarixi hadisələr fonunda qiymət verilməlidir. Heydər Əliyev Sovet rəhbərliyində vəzifədən kənarlaşdırılması ilə həm özünə qarşı, həm də Azərbaycana qarşı qərəzli münasibət paralel başladı. Onun Sovet Azərbaycanında rəhbər olduğu dövrdə qanuni cəza almış adamlar Moskvada yaşayan bir çox ermənilərlə əlbir olub, onun əleyhinə saxta anonim məktublar hazırlayırdılar. Erməni lobbisi bütövlükdə və Azərbaycanda millətinə, xalqına, vətəninə nankor baxan, xain çıxan adamlar fürsətdən istifadə edib erməni lobbisi ilə birləşib Heydər Əliyevin əleyhinə işlər aparırdılar.

Ə.Hüseynli qeyd edib ki, 1990-cı ildə bütün təhdidlərə və təzyiqlərə baxmayaraq Heydər Əliyev Bakıya qayıdarkən təəssüf ki, Bakıda Moskvadakından daha təhlükəli təqiblərlə üzləşdi. Heydər Əliyevə qarşı sui-qəsd təhdidləri açıq xarakter aldı və o, Naxçıvana yollandı. Beləliklə, Heydər Əliyevin Moskvadan qayıdışı təəssüf ki, o mərhələdə Azərbaycanın qurtuluşu ilə tamamlanmadı. Növbəti mərhələdə məhz Moskvanın təşəbbüsü ilə SSRİ-nin dağıdılması nəticəsində hətta Rusiya Federasiyası belə öz suverenliyi haqqında Konstitusiya Aktını Azərbaycandan əvvəl qəbul etmişdi. Yəni, bu şəraitdə artıq Heydər Əliyev kimi təcrübəli bir dövlət adamının Azərbaycan siyasi rəhbərliyinə qayıdışı Vətənimizin qurtuluşu ola bilərdi. Amma təəssüf ki, vaxtilə bu zalda guya Azərbaycanın müstəqilliyini müzakirə edən, əslində isə Qorbaçovun yenidənqurma siyasətinin yetişdirdiyi xəyanətkar kommunistlər və cəbhəçilər Heydər Əliyevin əleyhinə birləşmişdilər. Guya Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktını müzakirə edən bu satqınlar, əslində, Heydər Əliyevin parlament rəhbərliyində təmsil olunmasına imkan verən müvafiq Konstitusiya maddəsinə qarşı çıxırdılar. Bununla da Azərbaycan xalqını bu tarixi qurtuluş imkanından o mərhələdə məhrum etdilər. Məhz buna görə də sovet respublikalarının müstəqilliklərini elan etməsi fonunda ən faciəvi və acınacaqlı durum məhz Azərbaycanda yarandı. Çünki, 1990-cı illərin əvvəllərində postsovet respublikalarında, o cümlədən Qazaxıstanda, Özbəkistanda, Ukraynada təcrübəli şəxslər rəhbərliyə gəldikləri halda Azərbaycanda, öz Vətənində Heydər Əliyev kimi dünyaşöhrətli bir şəxsiyyət xalqın istəyinin əleyhinə olaraq ali siyasi rəhbərlikdən kənarda saxlanıldı.

Parlament sədrinin birinci müavini diqqətə çatdırıb ki, Heydər Əliyev bütün bu təhdidlərə baxmayaraq burada da cəsarətlə bu milli xəyanətkarların cavabını verirdi. Çünki Heydər Əliyevin gücü başqaları kimi vəzifədə deyil, polad iradəsində və xalqın ona inamında idi. Hələ o zaman Azərbaycan cəmiyyəti birmənalı olaraq o fikirdə idi ki, əgər həmin dövrdə Heydər Əliyev Azərbaycanın rəhbərliyində olsaydı, nə Qarabağ işğal olunardı, nə də ki, ölkə müstəqilliyinin ilk illərində böhran yaşamazdı. Təəssüf ki, biz bu tarixi qurtuluş imkanlarından yararlana bilmədik və bunun acı nəticələrini gördük.

“Milli Qurtuluş Qarabağın işğaldan qurtuluşunun başlanğıcı oldu. Azərbaycan o illərdə özünə yad populist, qaragüruh qüvvələrdən qurtularaq Heydər Əliyevi dövlətçilik və azərbaycançılıq təfəkkürünə qaytardı. Azərbaycan xarici və daxili düşmənlərin müdaxiləsinə son qoyaraq tarixi hadisələrin gedişatını öz təbii axarına çevirdi. Azərbaycan demokratiya şüarları ilə hakimiyyətə gəlmiş diktatura rejimindən qurtulmuş oldu. Azərbaycan xalqı qəlbində yaşatdığı azadlıq və müstəqillik simvolu - Heydər Əliyev ilə yenidən qovuşdu. Heydər Əliyevin qayıdışı və Milli Qurtuluşla Azərbaycanda əsl milli müstəqil hakimiyyət quruldu”, - deyə Milli Məclis sədrinin birinci müavini vurğulayıb.