Hindistan Ermənistana qumbaralar da göndərir

Hindistan Ermənistana 30 mm və 40 mm çaplı qumbaralar tədarük edəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə “İndian Aerospace Defence Nyus” (İADN) məlumat yayıb.

Nəşrin məlumatına görə, “Munitions İndia Limited” şirkəti tərəfindən Ermənistana 150 min ədəd qumbara çatdırılacaq.

Qəzet qeyd edib ki, Hindistan 2 ay əvvəl Ermənistana 5 milyon ədəd 7,62 mm çaplı güllə verib.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın Hindistanla PUA əleyhinə “Zen” anti-dron sisteminin alınması üçün 41,5 milyon dollarlıq müqavilə imzaladığı barədə məlumat yayılmışdı.

Bundan başqa, İrəvan 90 ədəd 55 mm-lik ATAGS artilleriya sisteminin alınması ilə bağlı Hindistanla 155 milyon dollar dəyərində müqavilə imzalayıb. ATAGS-ların 6-sı bu ilin sentyabrında göndərilib. Daha 84 ədədi qarşıdakı 3 il ərzində göndəriləcək.

Ermənistanın Hindistandan 24 km mənzilli "MArG 155/39" özüyeriyən haubitsası sifariş etdiyi də məlumdur. Bəzi məlumatlara görə, İrəvan bu haubitsalardan 70-100 ədəd ala bilər.

Daha sonra Ermənistanın bu ölkədən atış məsafəsi 70 km olan 18 ədəd “Pinaka” reaktiv yaylım atəş sistemi, çoxlu sayda tank əleyhinə sistemlər alacağı bildirilir.

Ümumilikdə isə Ermənistanın Hindistanla silah alışı ilə bağlı bağladığı müqavilələrin ümumi dəyəri yarım milyard dollar civarındadır.