Azərbaycan cəmiyyətində qadınların həmişə öz yeri olub. Azərbaycanlılar üçün qadın hər şeydən öncə ana, həyat yoldaşı və bacıdır. Azərbaycan qadınlarının Vətəni kişilərlə birgə çiyin-çiyinə qorumasının da saysız-hesabsız nümunələri var. Bununla yanaşı, tariximizdə qadınların dövlət işlərində, siyasətdə və diplomatiyada da böyük nümunələr yaratdığı məlumdur. Müstəqillik dönəmində qadınlar cəmiyyətin bütün sahələrində fəal çalışırlar. Mehriban xanım Əliyeva isə fəaliyyəti ilə sözün həqiqi mənasında bütün dünya qadınları üçün örnəkdir.
Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.
Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi həmişə çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.
Birinci vitse-prezidentin Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki sözlər hər birimizin yaddaşındadır: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs dua və arzu 44 gün ərzində həyata keçdi. Doğma Qarabağımız Ali Baş Komandanın sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində öz azadlığına qovuşdu. Bu gün isə azad torpaqlarımızda geniş quruculuq işləri aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir.
Ölkənin birinci xanımı ən böyük mərhəmət ünvanlarından biri kimi qəbul olunur. Onun humanizmi nəticəsində valideyn himayəsindən məhrum qalmış minlərlə körpə ən müasir binalarda, ən yüksək səviyyədə yaşamaq, təhsil almaq şansı qazanıb. Onlar gənclik həyatına qədəm qoyanda yenə də məhz Mehriban xanımın sayəsində evlə və işlə təmin olunurlar.
Sağlamlıq imkanları məhdud minlərlə insanın həyata yenidən inteqrasiyası, on minlərlə məhbusun azadlığa qovuşması da Mehriban Əliyevanın təşəbbüslərinin real nəticələridir. Bir mühüm məqam da odur ki, ondan artıq xarici ölkədə təbii fəlakətə, həmçinin səfalətə, digər problemlərə məruz qalan insanlar üçün Mehriban xanımın xeyriyyəçiliyi ilə məktəb, xəstəxana, sosial infrastruktur layihələri həyata keçirilib.
Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. İnsanlara dost, simsar olan bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir.
Bu gün ölkənin Birinci Xanımı üçün xüsusi bir gündür. Bu özəl gün münasibəti ilə hörmətli Mehriban xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı arzulayır, millətimizin rifahı və dövlətçiliyimizin inkişafı yolunda fədakar fəaliyyətində yeni-yeni uğurlar diləyirik.
Əminə Ağazadə
VI cağırış Milli Məclisin deputatı