İdeoloji direktivlər və qan yaddaşı siyasətimizin əsas istiqamətləri

Möhtərəm Prezidentin Qarabağa səfəri çərçivəsində Ağdamda çıxışı məzmun və mahiyyətcə post müharibə dövründə ölkəmizin ideoloji direktivləri və qan yaddaşı siyasətimizin əsas istiqamətlərini ehtiva edən yol xəritəsi hesab olunmalıdır.

Əslində Ağdamdan səslənən tezislərin cənab İlham Əliyev tərəfindən şəxsən gündəmə gətirilməsi özlüyündə çox ciddi xəbərdarlıqdır, çünki, məhz unutqanlıq, qan yaddaşına məsuliyyətsiz yanaşma 100 il ərzində xalqımızın eyni faciələri təkrar-təkrar yaşamasına gətirib çıxarıb.

Bu mənada, biz ilk növbədə region tarixinin ən böyük hərbi-siyasi zəfərinin mahiyyətinin gələcək nəsillərə düzgün çatdırılmasına görə məsuliyyət daşıyırıq. Yetişən gənclik bizim tək Ermənistan yox, əslində kimlərə qalib gəldiyimizi bilməlidir. Əlbəttə, bu yanaşmaya görə  heç kim bizi düşmənçilik təhrik etməkdə günahlandıra bilməz. Çünki, bölgədə sülhün də əməkdaşlıq mühitinin də memarı Azərbaycan prezidentidir, Elə Qarabağa üç gün öncə baş tutmuş səfər çərçivəsində 8 infrastruktur obyektinin açılışı, 2 təməlqoyma mərasimi əslində ölkəmizin müharibə yox quruculuq, dirçəliş niyyətini ortaya qoyur. Ona görə də cənab İlham Əliyevin direktivləri rəhbər tutularaq elə bir tarix konsepsiyası formalaşmalıdır ki, hansı səhv və hansı xəyanətlər ucbatından faciələrə məruz qaldığımız, hansı şəraitdə kimlər üzərində zəfər qazandığımız, bu prosesdə kimlərin yanımızda, kimlərin isə qarşımızda dayandığı mütəmadi olaraq aşılansın.

Təbii ki, bizim çox ləyaqətli tarixçi alimlərimiz var. Amma çox təəssüflər olsun ki, bu günəqədərki, Azərbaycan tarixçiliyi cənab İlham Əliyevin mütərəqqi konsepsiyası ilə ayaqlaşa bilmir.

Bu gün Azərbaycanda saxta tarix yazma aludəçiliyi böyük problemə çevrilib. Xüsusən müstəqilliyə aparan yolda ayrı-ayrı şəxslərin,  təşkilatların rolunun məqsədli şəkildə şişirdilməsi, real suverenlik tariximizin meydan ab-havası üzərində qurulma cəhdləri məsələni o yerə gətirib çıxarır ki, dövlət başçımız qan yaddaşı məsələsində təşəbbüsləri şəxsən ələ almalı oldu.   

Biz 20 yanvar hadisəsində ən azı Sovet qoşun hissələri qədər məsuliyyət daşıyan Qorboçovun cəbhə hərəkatı da, ölkə problemlər içində boğularkən bütün potensialını Ulu Öndər Heydər Əliyevin xalqla kommunikasiyasını kəsməyə səfərbər edən Mütəllibov və xalq cəbhəsi, hakimiyyət hərisliyi ilə xaos və anarxiya yaradıb işğala rəvac verən AXC-Müsavat xuntasını, dəfələrlə dövlət çevrilişlər etmək istəyən “millətçi”lər, rəngli inqilablara özənib narıncıya bürünən siyasi klounlar, iqtisadi müstəqilliyimizə doğru irəlilərkən neftin qiymətinin ucuzlaşmasına sevinən Cəmil və Gültəkin kimi siyasi dələduzlar, müharibə dövründə milli həmrəyliyi pozmaq cəhdləri ilə Azərbaycana məğlubiyyət arzulayan və 90-cı illərin ssenarisi üzrə məhz məğlubiyyət üzərindən iqtidar olmağı ümid edən Mehdiyev-Kərimov cütlüyü, o cümlədən başqa ölkələrin səfirliklərindən pul və təlimat alıb, açıq antimilli mövqe tutan siyasət və media möhtəkirlərini öz adı ilə çağırmağa məhkumuq.

Cənab İlham Əliyevin bu millətə bəxş etdiyi böyük qələbə bizi artıq çox rahat fromada hər şeyi hər kəsi öz adı ilə çağırmağa imkanındayıq. Biz artıq qalib kimi davranmalıyıq.

Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı