İdmanın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var 

     “Dekabrın 26-da keçirilən 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ölkəmizin idman sahəsində qazandığı uğurlardan geniş bəhs etdi. Ənənəvi olaraq ilin sonunda belə görüşlərin keçirildiyini önə çəkən cənab İlham Əliyev diqqəti idmanımızın inkişafının əsas göstəricilərindən olan medalların sayına yönəltdi. Bildirdi ki, bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.

    Ölkəmizdə kompleks tədbirlərin həyata keçirilməsi hərtərəfli inkişafı şərtləndirən amillər sırasındadır. Bütün sahələrin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını prioritet məsələ kimi qarşıya qoyan dövlətimizin başçısı bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. Son 22 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası bütün sahələrdə uğurlu nəticələrə yol açdı. Belə ki, Dövlət Proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası nəticəsində regionlarımızda xeyli sayda Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin bariz nümunələridir. Cənab İlham Əliyev sözügedən mərasimdəki çıxışında bu rəqəmlərə də diqqəti yönəltdi ki, bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki bölgədə- Gəncədə və Yevlaxda Olimpiya İdman Kompleksinin tikintisi başa çatıb. Ümumilikdə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb”.

         Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

    Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, idmanın da tərəqqisi istiqamətində atdığı addımlar bugünkü inkişafı şərtləndirir: “Ulu Öndər Azərbaycan gəncliyinin vətənpərvər, sağlam ruhda böyüməsini daim diqqətdə saxlamışdı. Son 22 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev ölkə idmanının dünya səviyyəsində tanınması istiqamətində mühüm addımlar atır. Ölkəmiz birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, eyni zamanda, əlaqələrin inkişafında, Azərbaycan həqiqətlərinin təbliğində əhəmiyyətli rol oynayır. Azərbaycanın bütün sahələrdə zəngin təcrübəyə, böyük potensiala malik olması ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə öz təsdiqini tapır. Dövlət başçısı İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında da bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilib. Bu il Azərbaycan III MDB Oyunlarına ev sahibliyi etdi. Minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları bir daha ölkəmizin potensialını nümayiş etdirdi. Bu il, həmçinin ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirildi. Bu da dünya miqyasında ən populyar idman yarışıdır. Bu yarışların əksər mərhələləri Amerikada, yaxud da ən inkişaf etmiş ölkələrdə keçirilir. Azərbaycanın da bu siyahıya salınması malik olduğu potensialın göstəricisidir”.

  Malik Həsənov vurğulayıb ki, atılan bütün addımlar idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və ölkəmizin inkişafı daimi, əbədi olsun. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var. İdmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır”.

  Millət vəkili bildirib ki, 2025-ci ilin idman yekunları qarşıdakı dövrün hədəflərinin də təqdimatı oldu: “Nəzərə alsaq ki, 2026-cı il üçün Bakı “Dünyanın İdman Paytaxtı” seçilib, bu halda daha möhtəşəm yarışların keçiriləcəyi aydındır. Gələn il ilk dəfə ölkəmizdə Xizək üzrə Dünya Kuboku keçiriləcək. Tədbir dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Burada da ölkələrin sayı kifayət qədər məhduddur. Azərbaycanın burada da olması, qış idmanı növündə Dünya Kubokunun keçirilməsi böyük hadisədir.

  Ümumilikdə, Bakımızın “Dünyanın İdman Paytaxtı” seçilməsi, yalnız idman sahəsi ilə bağlı qərar deyil. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, möhkəmlənən yerinin və mövqeyinin göstəricisidir. Hər bir beynəlxalq əhəmiyyətli tədbir, həmçinin ölkəmizlə bağlı qəbul edilən qərar Azərbaycanın təqdimatıdır. Sabit, təhlükəsiz ölkə kimi tanınan, nüfuz qazanan Azərbaycanın malik olduğu təkmil inkişaf modeli beynəlxalq səviyyədə təqdir edilir, öyrənilir”.