İdmanın inkişafı dövlət siyasətidir

Azərbaycan yola saldığımız 2025-ci ili də uğurlu nəticələrə başa vurur, dövlətin idman sahəsinə və idmançılara davamlı dəstəyi sayəsində dünya idman ailəsində yerimiz və mövqeyimiz daha da möhkəmlənir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana olan ali qayğısı sayəsində idmançılarımız nüfuzlu beynəlxalq yarışlarda saysız qalibiyyətlərə imza ataraq bayrağımızı ucaldırlar. Eləcə də, ölkəmizdə təşkil edilən mötəbər idman yarışları və tədbirlərinin yüksək təşkilatçılıq səviyyəsi ilə keçirilməsi Azərbaycanın idman salnaməsinə yeni nailiyyətlər ili kimi yazılıb.

2025- ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, cari il Azərbaycanın idman həyatında uğurlu və əlamətdar hadisələrlə zəngin olub, idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, bunun 600-dən çoxu qızıl medal olub. “Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.

Son illər ərzində Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı uğurlar, xüsusilə medal göstəricilərində müşahidə olunan davamlı artım məqsədyönlü və sistemli dövlət siyasətinin bariz nəticəsidir: Bu uğurlar ayrı-ayrı təsadüfi nailiyyətlər toplusu deyil, Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi ardıcıl, prinsipial və uzunmüddətli diqqətin məntiqi davamıdır. Məhz dövlət başçısının siyasi iradəsi sayəsində Azərbaycanda idmanın inkişafı üçün güclü institusional baza formalaşdırılıb, federasiyaların fəaliyyəti təkmilləşdirilib, maddi-texniki təminat əhəmiyyətli dərəcədə gücləndirilib. Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdikləri uğurlar Azərbaycanın dünya idmanında yerinin aydın mənzərəsini təqdim edir. Azərbaycanın təkmil inkişaf modeli hər bir sahədə davamlı uğurlara imza atmasını şərtləndirir. Bu gün ölkəmizə hansı sahədən baxsaq inkişaf və tərəqqinin, zəngin təcrübənin, davamlı uğurların şahidi olarıq. İdman uğurlarımız da bunun təsdiqidir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrildi.

Ölkəmizin 2015-ci ildə dünyanın idman tarixində yeni bir səhifə açması - Birinci Avropa Oyunlarına ev sahibliyi, 2017-ci ildə İslam həmrəyliyinə növbəti töhfəsi kimi dəyərləndirilən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də deyilənlərin təsdiqidir. 2025-ci ildə bu sıraya III MDB Oyunları da daxil oldu. “Hər qəlbdə bir qələbə!” şüarı altında 7 şəhərdə – Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevirdə təşkil olunan III MDB Oyunları Azərbaycanın idman ölkəsi kimi artan nüfuzunu daha da möhkəmləndirdi. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri zamanı idman obyektlərinin tikintisinə xüsusi diqqət göstərilir. Beş ildir idmançılarımız qalib Azərbaycanı təmsil etməkdən qürur hissi keçirirlər. Döyüş meydanlarında əldə edilmiş Qələbənin idman yarışlarında da özünü ifadə etməsi üçün səylərini daha da artırırlar. Prezident İlham Əliyev sözügedən mərasimdə də bu məqamı xüsusi vurğuladı. “Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk” söyləyən Prezident İlham Əliyev bildirdi ki, son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına qürur hissi ilə çıxırlar. Son illərdə regionlarda tikilən və yenidən qurulan idman kompleksləri yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir, gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı mötəbər idman yarışlarına ev sahibliyi etməklə, özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Paytaxt və bölgələrdə müasir idman arenalarının istifadəyə verilməsi beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradır. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilib. İdman infrastrukturu sıfırdan qurulub və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il Gəncədə və Yevlaxda iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır. Bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışı bir daha sübut etdi ki, idman Azərbaycanda sadəcə medal və yarış anlayışı ilə məhdudlaşmır. İdman dövlətin gücünün, xalqın birliyinin, gəncliyin sağlam gələcəyinin və ölkənin beynəlxalq nüfuzunun mühüm dayağıdır.
 
Azərbaycan idmanı yüksələn xətlə inkişaf edir və bu yolun əsas memarı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsidir. Azərbaycan idmanının şöhrətini ucaldan hər bir vətəndaşın zəhməti daim diqqət və ehtiramla qarşılanir, idmançılarımızın və idman mütəxəssislərimizin əməyinin dövlət tərəfindən qiymətləndiril.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq Azərbaycan idmanı gələcəyə inamla irəliləyəcək, beynəlxalq arenalarda ölkəmizin üçrəngli şanlı Bayrağını daha uca zirvələrdə dalğalandıracaq və qalib dövlət statusunu yeni nailiyyətlərlə möhkəmləndirəcək.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı