İdmanın inkişafı dövlət siyasətidir

Ölkəmizdə idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması bir ənənəyə çevrilib və bu ənənə artıq 30 ilə yaxındır ki, davam edir. Bu da bir daha onu sübut edir ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir. Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxşı zamanı Prezident İlham Əliyev diqqətə çatdərdı ki, ölkəmizdə idman infrastrukturu demək olar ki, sıfırdan qurulub və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Ölkə başçısı vurğuladı ki, həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər.

Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir. Belə ki, ölkəmizdə ilk dəfə Xizək üzrə Dünya Kuboku keçiriləcək. Ölkəmizdə qış idmanı növündə Dünya Kubokunun keçirilməsi böyük hadisədir. Ölkə başçısı bildirdi ki, Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Hər il yeni traslar, yeni xizək zolaqları istifadəyə verilir. Yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq. Amma hazırda bu, bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir və orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar, - indi özəl sektor tərəfindən oraya çox böyük maraq göstərilir,- bütövlükdə o bölgədə minlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb. Təkcə Şahdağ Xizək Mərkəzi bundan faydalanmır, bütün ətraf kəndlər, şəhərlər, orada işləyən, yaşayan insanların bir çoxu turizmin bu sektoruna da cəlb edilib.

Ölkəmizdə çox gözəl dəniz istirahət zonaları, xizək zonaları var. Güclü infrastruktur yaradılıb. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri