İlham Əliyevin növbəti diplomatik qələbəsi

Azərbaycanın, həmçinin bütün regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən Brüssel səfəri və bu səfər zamanı keçirilmiş görüşdə əldə olunan nəticələr milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə, mayın 22-də keçirilən növbəti üçüncü görüş zamanı qəbul olunmuş razılaşmalar cənab İlham Əliyevin regionda, eyni zamanda dünyada böyük nüfuz sahibi olduğunu bir daha təsdiq etdi. Artıq, Avropada da başa düşürlər ki, Cənubi Qafqazda sülhün və əminamanlığın bərpa olunması regionun rifahının yaxşılaşması ilə bərabər, həmçinin Avropa qitəsinin enerji təhlükəsizliyinə də real tövhə verə bilər. Avropa İttifaqı və şəxsən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişell də başa düşür ki, dünyada böyük nüfuz sahibi olan, yüksək dövlət idarəçiliyi, regional liderlik bacarığı, zəngin biliyi, təcrübəsi və diplomatik uğurları ilə dünya liderlərini heyrətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yaxın təmasların qurulması, intensiv dialoq və əməkdaşlığın genişlənməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına həmçinin, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm təkan verəcəkdir.

Bu dəfəki görüş zamanı da “ Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi bir daha Avropa İttifaqının mövqeyini ortaya qoydu. Bəli, onlar Azərbaycanın yaratdığı reallıqla razılaşmalıdırlar və artıq başa düşürlər ki, Azərbaycan öz haqq mübarizəsində, tarixi ədalətin bərpasında qətiyyəlidir və kimsə buna mane olub, qarşısını ala bilməz.

Eyni zamanda bu görüşdə sülh müqaviləsi ilə bağlı ciddi müzakirələrin aparılması sübut etdi ki, Brüssel də sülhün bərqərar olmasının və sülh müqaviləsinin tərəfdarıdır.

Həmçinin kommunikasiya xətlərinin açılması istiqamətində işlərin davam etdirilməsi, beynəlxalq daşımaların tənzimlənməsi və digər bu kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılaraq Zəngəzur dəhlizinin reallaşdırılması yönündə razılıq əldə edilməsi bir daha cənab Prezidentin siyasi iradəsini beynəlxalq platformda da özünü göstərdi və növbəti diplomatik qələbə kimi tarixə yazıldı.

Beləliklə, qalib ölkə Azərbaycan postmüharibə dövründə strateji hədəflərini reallaşdırır.

Bu isə ölkəmizin iqtisadi imkanlarının artması, siyasi üstünlüyünün və beynəlxalq mövqeyinin möhkəmlənməsi, bir sözlə, daha güclü Azərbaycan naminə ölkə başçımızın atdığı mühüm addım və əldə etdiyi uğurlardan biridir.

Cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət bu gün istənilən platformada, xüsusən də beynəlxalq müstəvidə əldə etdiyimiz nəaliyyətlər, qazandığımız uğurlar Azərbaycanın strateji maraqları, ölkəmizin uğurlu gələcəyi, təhlükəsizliyi naminə əvəzolunmazdır.

Aydan Qurbanova

Siyasi Ekspert