İraq XİN Tehrandakı səfirini geri çağırdı

İraq Xarici İşlər Nazirliyi Tehrandakı səfirini geri çağırıb.

Bu barədə İraq Xarici İşlər Nazirliyinin rəsmi “Telegram” kanalında dərc olunan bəyanatında bildirilib.

Məlumata görə, bu qərarın verilməsinə səbəb İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraq Kürdüstanının inzibati mərkəzi Ərbil şəhərini atəşə tutması ilə əlaqədar məsləhətləşmələr aparmaqdır.

“İraq Xarici İşlər Nazirliyi İranın Ərbil şəhərinə son zərbələri ilə əlaqədar Tehrandakı səfiri Nasir Abdel Möhseni məsləhətləşmələr üçün geri çağırıb”, - deyə İraq XİN-in bəyanatında qeyd edilib.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın Ərbil şəhərində ABŞ konsulluğunun yaxınlığına hava hücumu zamanı azı dörd nəfər həlak olub. Məlumata görə, ümumilikdə səkkiz obyektə hücum edilib.