İrqçilik sanki Fransanın alın yazısıdır

Bəlkə də dünyada Fransa qədər insan haqlarından, demokratiyadan bəhs edən ikinci bir dövlət tapmaq mümkün deyil. Fransa hər zaman özünü dünyada insan haqlarının bir nömrəli müdafiəçisi kimi təqdim etmək, beynəlxalq ictimaiyyətə məhz bu obrazı sırımaq istəyir. Reallıq isə bunun tamamilə əksidir. Fransanın tarixi elə cinayətlərlə zəngindir. 1830-cu ildən 1960-cı ilə qədər əlcəzairlilərin başına gətirdikləri müsibətlər, sözün həqiqi mənasında soyqırımı siyasəti hər kəsə bəlli həqiqətdir. 1.5 milyondan çox əlcəzairlini soyqırımı nəticəsində məhv etmiş Fransa dövləti bu gün də eyni siyasəti müxtəlif formalarda davam etdirməkdədir. İrqçilik əslində Fransanın dövlət siyasətinin mühüm elementinə çevrilib. Elə bu günlərdə 17 yaşlı əlcəzairli gəncin polis tərəfindən vəhşicəsinə qətlə yetirilməsi dediklərimizi təsdiqləyir. O sadəcə Fransa vətəndaşı olaraq güllələnməyib. Məhz əlcəzairli olduğuna görə bu hadisə irqi zəmində baş verib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Hazırda Fransada xalqın çox dəhşətli etiraz dalğası qeydə alındığını bildirən deputat fikirlərinə belə davam edib: “Bu gün Fransa od içində yanır və insanlıq əleyhinə cinayətinin bumeranq effektini yaşayır. Bütün bu reallıqlar fonunda Fransa həm də haqq-ədalətdən danışır, ayrı-ayrı regionlarda sülhün və təhlükəsizliyin təminatına guya ki, töhfə vermək istəyindən bəhs edir. Reallıqda isə tamamilə əksinədir. Biz çox gözəl bilirik ki, Fransanın ali siyasi rəhbərliyi prezident Emanuel Makron başda olmaqla erməni separatizmini necə dəstəkləyib və bu gün də dəstəkləyir. Makron bəlkə də beşinci respublika tarixində yeganə prezidentdir ki, öz ermənipərəst xislətini açıq şəkildə büruzə verir. Sosial şəbəkələrdə yazdığı tvitlərində belə bəzən fikirlərini fransız dilində deyil, erməni dilində ifadə edirdi. Biz bunu unutmamışıq. O, bu gün də həmin siyasətə sadiqdir. Fransa od içində yanır, lakin Emanuel Makron öz həyat yoldaşı ilə böyük bir konsert zalında oturub əylənir. Başqa bir reallıq da odur ki, haqq-ədalət, demokratiya, insan hüquqlarından gecə-gündüz ağız dolusu danışan Fransada söz, mətbuat azadlığının necə qəddarcasına yatırıldığı da heç kəsə sirr deyil. Çox uzağa getməyək, bu günlərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları Fransada məhz belə bir qəddarlıqla, söz, mətbuat azadlığına qarşı vəhşi bir davranışla üz-üzə qaldılar. Jurnalistlərimizə yüngül xəsarət yetirilib, onların kameraları sındırılıb və kameraları geri almaq istəyərkən ölümlə təhdid olunublar. Bu da Afrikanın hər hansı bir geridəqalmış ölkəsində deyil, özünü demokratiyanın carçısı elan etmiş Fransa və onun küçələrində baş verib. Bütün bu dediklərimiz o qənaətə gəlməyə əsas verir ki, Fransanın bu gün heç bir regionda, heç bir beynəlxalq hadisəyə, heç bir beynəlxalq təhlükəsizlik məsələsinə münasibətdə ədalətli mövqeyini gözləməyin mənası yoxdur. Həm də belə bir mövqeyi ifadə etməyə Fransanın mənəvi haqqı da çatmır. Tarixi soyqırımlarla zəngin olan, bu gün də separatizmi dəstəkləyən və irqçilik siyasətini özünün dövlət siyasətinin əsas istiqamətinə çevirən Fransa dövlətinin mənəvi haqqı yoxdur ki sülhdən, təhlükəsizlikdən, əmin-amanlıqdan, birgə yaşayışdan və tolerantlıqdan bəhs etsin. İrqçilik sanki bu dövlətin alın yazısıdır".