İŞİD qadınları necə aldadır?

Yaxın Şərqi cənginə alan İŞİD təhlükəsi dünyanı gün keçdikcə daha çox narahat edir. Xüsusilə qərbdən olan qadınların bu terrorçulara qoşulması Avropa ölkələrində həyəcan təbili çalınmasına səbəb olub. Fransız jurnalist qadınların İŞİD-a necə qoşulduğunu öyrənmək üçün bir araşdırma aparıb. Anna Erella özünü Fransada yaşayan müsəlman kimi təqdim edərək terrorçuların planlarını gün üzünə çıxarıb. Qadın özünə xasta sosial şəbəkə hesabı yaradaraq terrorçularla ünsiyyətə başlayıb. O, İŞİD-a üzv olan 38 yaşlı Bilalla tanış olub və özünü 20 yaşlı Linda kimi təqdim edib. Bilal tanışlığın ilk günündən onu terror təşkilatına qatmaq üçün hərəkətə keçib. "Mən çox əziyyət çəkdiyimi, inancsız bir ölkədə yaşadığımı dedim. O, isə məni Fransanı tərk etməli olduğuma inandırmağa başladı. Özümə uyğun həyat yoldaşı tapıb, düzgün bir ailəyə sahib ola bilməyəcəyimi dedi. O, məndən Suriyaya gətirilmə planımı gizli saxlamağımı tələb edirdi". Qadının sözlərinə görə, İŞİD üzvü ona Suriyada şahzadə kimi yaşayacağını, ona ev, maşın alacağını deyib. Lakin İŞİD-a qatılmaq üçün müəyyən mərhələlərdən keçmək lazımdır. Ərəb kursuna qatılmaq, silahdan istifadə təlimi almaq və sairə. "O, mənə dedi ki, orada çətinliyim olmayacaq. Çünki Suriyada çoxlu qərb ölkələrindən olan dostum var". Lakin fransız qadın Bilalın təkidləri artandan sonra qorxub və onunla təması kəsib. Hadisədən xəbərsiz olan Fransa polisi isə jurnalistə ancaq evini və kimliyini dəyişməsini məsləhət görüb.