İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi

Ölkəmizdə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. İslahatların davamlı şəkildə aparılması onların effektivliyini təmin edən önəmli amillərdən biridir.

9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Parlamentin əsas işi qanunvericilikdir. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi.

10 mart 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev Milli Məclis qarşısında mühüm vəzifələr müəyyənləşdirmiş və öz tövsiyyələrini vermişdir. Ölkə başçısı bildirmişdi ki, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüddür. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini, həm parlamentin rolu artırmalıdır. İqtisadi sahədə görülən işlərlə bağlı Milli Məclisin rolu artmalıdır, hazırlanan qanunlar adekvat və dəyişən reallıqlara adekvat olmalıdır. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalı, radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur.

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında Prezident İlham Əliyev həmçinin bir sıra mühüm məqamlara da münasibət bildirdmişdir. Ölkə başçısı qeyd etmişdir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur. Ölkə başçısı onu da bildirmişdir ki, ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir. Ölkə başçısı bildirmişdir ki, əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafın zəmanətidir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri