İsrail HƏMAS-ı suda boğmağa hazırlaşır

İsrail HƏMAS-ın Qəzza zolağındakı tunelləri dəniz suyu ilə doldura biləcək nasoslar quraşdırıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” amerikalı məmurlara istinadla məlumat yayıb.

Məlumata görə, nasoslardan 5-i Qəzzanın şimalındakı Əş-Şati qaçqın düşərgəsinin yaxınlığındadır:

“Bu nasoslar bir neçə həftəyə HƏMAS-ın tunellərini Aralıq dənizinin suyu ilə doldura bilər. Nasosların sürəti fələstinlilərə girovları tunellərdən çıxarmağa imkan verəcək”.

Nəşrin mənbələri məlumat veriblər ki, İsrail hökuməti bunun həyata keçirilməsini təsdiqləməsə də, plandan imtina da etməyib:

“Xüsusilə, HƏMAS-ın yeraltı rabitə şəbəkəsinin nə qədər geniş olduğu, orada nələrin olduğu və dəniz suyunun Qəzza zolağında torpaq və qrunt sularına necə təsir edəcəyi məlum deyil”.

Qeyd olunub ki, sözügedən plan ABŞ və İsrail nümayəndələri tərəfindən müzakirə olunur. Əgər bu plan həyata keçirilsə, Prezident Co Bayden çətin vəziyyətdə qalacaq, çünki dünya ictimaiyyətinin qınağına məruz qalmaq riski var.