İstanbulda “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirilib

İstanbulda “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirilib. Tədbirdə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sənətkarların əl işlərindən ibarət sərgi açılıb.

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in imzalanmasına həsr olunan mərasim İstanbulun Ümraniye Bələdiyyəsi, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi ilə İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəl sərgiyə baxış keçirilib.

Sərgidə Azərbaycan Dövlət Rəssamlar Birliyinin üzvləri Lətafət Rafiqin, Tariyel Əlizadənin, Aynur Novruzovanın, minyatür sənətçisi Perinisa Əsgərovanın, əl işlərinin sənətçisi Səadət Qasımova və Fatimə Abdalın sənət əsərləri nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə birliyi və qardaşlığından bəhs ediblər.

"Xarıbülbül" Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Kəmal Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətinə dayanaraq, mədəniyyət sahəsində də əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı. Birliyin sədri gördükləri işləri və gələcək planları açıqladı. Bu planları həyata keçirilməsi üçün daha çox dəstəyə ehtiyac olduğunu vurğuladı. Birliyin sədri Türkiyədə keçiriləcək bələdiyyə seçkilərindən danışdı, eyni zamanda Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində, Qarabağ Zəfərini yaşadan İlham Əliyevi dəstəklədiyini bildirdi.

İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Məhsəti Şərif Özyürək çıxışında bildirdi ki: " Bəzən siyasətdə əldə edilə bilməyən uğurlar mədəniyyətdə qazanılır. Bizim ölkəmiz siyasətdə öz sözünü dedi. İndi isə mədəniyyətimizi beynəlxalq səviyyədə təmsil etmək lazımdır". Dərnək rəhbəri sonda hər iki ölkədə seçkilərnən bağlı danışaraq " Zəfər yoluna" uğurlar arzuladı.

Ümraniye Bələdiyyəsinin sədri İsmet Yıldırım bildirib ki, ölkələrimiz arasındaki qədim tarixi bağlar hər il daha da inkişaf edir və artıq Azərbaycan ilə Türkiyə bir dövlət kimi dünyada birgə addımlayır.

Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını və Vətən müharibəsini xatırladan sədr şanlı Zəfərimizi bütün Türk dünyasının qüruru olaraq qiymətləndirib.

İsmet Yıldırım Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən misraları səsləndirib.

Ümraniye kaymakamı Abdulaziz Aydın öz növbəsində iki qardaş ölkə arasında keçmişdən gələcəyə uzanan qardaşlıq və birliyin növbəti nümunəsi olan mədəniyyət sahəsini əhatə edən bu sazişin mədəni əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyini, Azərbaycanın Türkiyə üçün bir dövlət deyil, qan qardaşı olduğunu bildirib.

Bundan sonra 7 fevral növbədənkənar Prezident seçkiləri ilə əlaqədar yaradılmış “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun Türkiyədən olan üzvləri adından Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət səsləndirilib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyəti sədrinin müavini Pərviz Məmmədzadənin səsləndirdiyi müraciətdə Türkiyədə yaşayan həmvətənlərimiz seçkilərdə aktiv iştirak etməyə çağırılıb.

Sonra Vətən müharibəsi zamanı ölkə başçımızın fikirləri, Türkiyənin dəstək mesajları, diaspor təşkilatımızın xaricdəki fəaliyyəti, qələbəyə gedən yol və şanlı Zəfərimizin əks olunduğu videoçarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov, Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin İstanbuldaki Baş konsulluğunun nümayəndələri, Türkiyə vətəndaşları, bələdiyyə işçiləri, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz və digərləri iştirak ediblər. Tədbir Azərbaycan opera sənətçisi Fidan Hüseyinova, tar ifaçısı Ələddin Hacıyev, Rusiya dövlət sənətçisi Əhməd Əhmədov, aktyor Burak Durmuş'un ifaları ilə sona çatıb.
 

Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyinin Mətbuat Katibi Behram Afsal