“İstefa verməyimə səbəb fikir ayrılıqlarıdır” –"Yeni Müsavat"ın sabiq baş redaktoru danışdı

“Yeni Müsavat” Media Qrupu vəzifəsindən istefa vermiş Baş redaktor Azər Ayxanla əmək müqaviləsinə xitam verib.

Azər Ayxan istefası haqda “Qafqazinfo”ya bunları deyib:

“İstefa ərizəmin çevik şəkildə qəbul olunmasını israrla xahiş etdim. Uzatmağın, “bəlkə, yaxşı düşünəsən” təkliflərinin əleyhinə çıxdım. Uzadılacaq, düşünüləcək heç bir şey yoxdur. İnsan verdiyi qərara öncə özü hörmətlə və dürüst yanaşmalıdır. Artıq “Yeni Müsavat”la aramdakı əmək müqaviləsinə xitam verilib, oradakı işimdən rəsmən ayrılmışam”.

Azər Ayxan bəzi iddialara aydınlıq gətirib: “Mənim “Yeni Müsavat”dan işdən çıxmağımı bəziləri yeni layihə ilə əlaqələndirirlər. “Facebook”da yazdığım dəqiq açıqlamadan sonra belə qənaətə gələnlər oldu. Bildirirəm ki, 17 ildir baş redaktoru olduğum qəzetdən yeni layihəyə görə ayrılmamışam. İstefa verməyimə səbəb peşəkar yöndə idarəetmə ilə bağlı fikir ayrılıqlarıdır. Bu fikir ayrılıqlarının getdikcə dərinləşdiyini və təkliflərimin qəbul olunmadığını gördüyüm üçün tutduğum vəzifədən istefa vermək qərarına gəldim. Bir müddət istirahət etdikdən sonra yeni iş, yeni layihə haqda düşünəcəm. 31 illik qəzetçilik təcrübəmi, informasiya və ideoloji sahədəki bilgilərimi yeni layihələrdə cəmiyyətə çatdırmağı düşünürəm. Həmçinin tamam başqa sahələrdə iş təkliflərini də dəyərləndirəcəm”.