İzləyicilərə növbəti ədəbi inci təqdim edildi

“Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının icrası çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsində böyük Azərbaycan şairi Xaqaninin 900 illik yubileyi ilə əlaqədar onun qəzəlini oxuculara təqdim edir.

Videoçarxda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti 2026-cı il 28 yanvar tarixində “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanmışdır. 17 000 beytlik şeirlər divanı, “Töhfətül-İraqeyn” kimi Yaxın Şərq ədəbiyyatında ilk poema yazan Əfzələddin Xaqani Şirvani dünya ədəbiyyatına böyük irs qoymuşdur. Əsl adı Əfzələddin İbrahim olan dahi qəzəl, qəsidə, rübai və məsnəvilər şairi Xaqani Şirvani 1126-cı ildə Şamaxıda anadan olmuşdur.

Xaqani gənc yaşlarından yazdığı şeirləri ilə xalq arasında şöhrət qazanır. Yazdığı şeirlərin gözəlliyindən ona xaqanlara layiq və şirvanşahlara məxsus olmasını təsdiq edən “Xaqani” təxəllüsü verilir. Böyük şair əsərlərində Şərq poetik təfəkküründə yeni novator ruhunu, dərin fəlsəfi fikrini ifadə etmişdir. Xaqani 1199-cu ildə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Təbrizdə vəfat etmiş və məşhur Sürxab qəbirstanlığında dəfn olunmuşdur. Xaqaninin “Divan” və “Külliyat”ı əsrlər boyu məşhur xəttatlar tərəfindən üzü köçürülə-köçürülə yayılmış və bizə gəlib çatmışdır. Mərkəzi Kitabxananın Fəxri oxucuları şair-qəzəlxan Ceyhun Möhübbi və şair Şahzadə İldırım izləyicilərə Xaqaninin məhşur qəzəllərindən birini səsləndiriblər. Qəzəldə aşiqin sevdiyinə olan dərin həsrəti, incə hissləri tərənnüm olunur. Ölməz söz ustası Xaqani sevgilisinin gözəlliyini vəsf edir, şairin sevgisi bir dəryadır. Oxucu və izləyicilərə

Xaqani Şirvani kimi dühanın əsərlərini çox mütaliə etmək tövsiyə edilir. Videoçarx aşağıdakı keçiddə təqdim olunur: https://www.youtube.com/watch?v=rfRf5hQ9_Ww