"Jirinovskinin məqsədi Türkiyə-Rusiya münasibətlərini pozmaqdır..."

"Rusiyada Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin imici, şəxsiyyəti, nüfuzunun əslində nədən ibarət olması bəllidir, bu kontekstdən yanaşsaq, əlbəttə, onu ciddiyə almaya bilərik. Amma onun Azərbaycan dövləti və onun lideri haqqında sərsəm ifadələr işlətməkdə daha məkrli məqsədləri var. Əsas hədəf Azərbaycan-Rusiya, dolayısı ilə Türkiyə-Rusiya münasibətlərini pozmağa çalışmaqdır. Çünki Jirinovski dünyadakı anti-türk lobbisinin əlində oyuncaqdır, onun sifarişlərini yerinə yetirir".

Bunları "AzPolitika.info"-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov deyib.

O, son illər bölgədə formalaşan və inkişaf edən Rusiya-Türkiyə münasibətlərinə, bunun nəticəsində regionda genişlənən ikitərəfli və çoxtərəfli əməkdaşlıq mühitinə toxunub: "Bu, bütün xalqların, o cümlədən Azərbaycan xalqının, dövlətinin maraqlarına uyğundur. Amma region dövlətlərinin qarşılıqlı anlaşma, maraqların uzlaşdırılması, problemlərin həlli və strateji əməkdaşlığa söykənən bu siyasəti erməni diasporunun da daxil olduğu beynəlxalq gücləri narahat edir. Onlar hər vəclə Türkiyə-Rusiya münasibətlərini pozmağa çalışıblar. Mən, təxminən 5 il əvvəl baş verən iki hadisəni xatırlatmaq istəyirəm: Rusiya təyyarəsi Suriya ilə sərhəddə vuruldu və səfir Ankarada güllələndi. Hər iki hadisə eyni məqsədə xidmət edirdi, amma dövlət rəhbərləri müdrik davranıb bu məkrli planın baş tutmasına imkan vermədilər. Eyni zamanda Azərbaycan bu prosesdə ciddi rol oynadı və Rusiya-Türkiyə münasibətlərinin normal məcrada qalmasına öz töhfəsini verdi”.

“Fikir vermisinizsə, Jirinovski də bu xəttin davamçısıdır, daim Türkiyəni, Azərbaycanı və başqa postsovet ölkələrini aşağılayan çıxışlar edir. Özünü Rusiyanın imperiya maraqlarının carçısı kimi təqdim etsə də, əsl məqsədi region ölkələrini, xüsusən Türkiyə kimi bölgənin mühüm oyunçularından birini Rusiya ilə əməkdaşlıqdan uzaqlaşdırmaqdır", - komitə sədri qeyd edib.

"AzPolitika.info"